Bakını Xəzər rayonunda qətl törətməkdə ittiham olunan 1978-ci il təvəllüdlü Arzuman Fazilovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cnayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Arzuman Fazilov 18 il müddətinə azadlıqdan mərhum edilib.
İttihama görə, ötən il iyulun 15-də Binə qəsəbəsindəki fərdi yaşayış evində 1982-ci il təvəllüdlü Vüsalə Əliyevanın öldürülməsi barədə Xəzər rayon prokurorluğuna məlumat daxil olub.
Onu keçmiş əri 1978-ci il təvəllüdlü Arzuman Fazilovun bıçaqla çoxsaylı xəsarətlər yetirməklə öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, bir neçə il əvvəl Vüsalə ilə Arzuman yola getmədikləri üçün boşanıblar. Bundan sonra qadın 2 övladı ilə birgə Binə qəsəbəsində kirayə tutduğu evdə yaşamağa başlayıb. Boşanmalarına baxmayaraq, Arzuman keçmiş həyat yoldaşını izləyib.
O, hadisə günü küçədə Vüsaləyə yaxınlaşmaq istəyib. Arzumanın onu öldürəcəyini güman edən qadın dərhal qaçmağa başlayıb və kömək çağıraraq küçədən qonşunun həyətinə daxil olub. Lakin V.Əliyevanın ardınca düşən Arzuman Fazilov ona çoxsaylı bıçaq zərbələri endirib.
Qonşular təcili tibbi yardım çağırsa da, Vüsalənin həyatını xilas etmək mümkün olmayıb.