Bakıda həkimi şantaj edən “www.sheffaf.az” xəbər portalının baş redaktoru Namik Əmrahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə hökm elan edilib.

Namik Əmrahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, portalın baş redaktoru Namik Əmrahovun 36 nömrəli Şəhər Poliklinikasının baş həkimindən hədə-qorxu ilə pul tələb etməsi barədə rayon prokurorluğuna müraciət daxil olub.

Müəyyən edilib ki, qeyd edilən xəbər portalının təsisçisi və baş redaktoru Namik Əmrahov vəzifəli şəxs olaraq xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən istifadə edib Sabunçu rayonu, 36 nömrəli Şəhər Poliklinikasının baş həkimi Ramidə İbrahimovaya özünü “www.azinfo.tv” və www.sheffaf.az xəbər portalının rəhbəri kimi təqdim etməklə barəsində kütləvi informasiya vasitələrində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək 2018-ci ildən etibarən ondan dəfələrlə ümumilikdə 2 min manat məbləğində pul tələb edərək alıb.

Namik Əmrahovun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci (təkrar törədilməklə hədə-qorxu ilə tələb etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilib.