Tərtər rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, 2016-cı il oktyabrın 11-də Tərtər rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti Şıxarx qəsəbəsi ərazisində tapılıb.

Polis əməkdaşlarının əməliyyat tədbirləri nəticəsində Səxavət Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olduğu müəyyən edilib.

Onlar 26 sentyabr 2016-cı il tarixdə saat 17 radələrində Tərtər şəhər mərkəzi bazarında valyuta mübadiləsi ilə məşğul olan Səxavət Musayevi pul dəyişmək adı ilə aldadaraq “VAZ-2106” markalı avtomobilə mindirib, rayonun Şıxarx qəsəbəsi ərazisindəki boş çöllük sahəyə aparıblar.

Orada küt alətlərlə çoxsaylı bədən xəsarətləri yetirməklə Səxavət Musayevi qətlə yetiriblər.

Aqil Aslanov və Şaiq Həsənov həbs edilsə də, bir müddət Səxavət Orucov gizlənə bilib. 2017-cı il fevralın 1-də Baş Cinayət Axtarışı İdarəsi, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Tərtər rayon polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Səxavət Orucov da tutulub.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə Səxavət Orucovun 2014-cü il fevralın 19-da Sənan Mirzəyevə tüfəngdən atəş açaraq qətlə yetirdiyi də müəyyən edilib.

Məlum olub ki, Sənan Mirzəyev Tərtər rayonunun Vasif Hüseynov küçəsində yaşadığı 2 saylı evdə öldürülüb. O, evinin yaxınlığındakı avtoyuma məntəqəsini işlədirmiş. Onun cəsədini avtoyuma məntəqəsinin işçisi aşkar edib. İşçi onun evinə gəlib və mərhumun cəsədi ilə qarşılaşıb. Bundan sonra hadisə barəsində rayon polis şöbəsinə məlumat verilib.

Meyitə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları Sənan Mirzəyevin döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişdiyini bildiriblər.

Məlum olub ki, Tərtər şəhər sakini Sənan Mirzəyevin şikayəti əsasında Səxavət Orucovun dostu Sərdar hacıyevə Cinayət Məcəlləsinin dələduzluq maddələri ilə cinayət işi başlanıb.

Səxavət Orucov bu cinayət işi üzrə dostu Sərdar Hacıyevin həbsindən hiddətlənərək qisas almaq niyyətilə Sənan Mirzəyevi öldürmək qərarına gəlib. O bu cinayətkar niyyətini 2014-cü il fevralın 19-na keçən gecə saat 03:30 radələrində özünə məxsus tüfəngdən atəş açaraq Sənan Mirzəyevi qətlə yetirməklə həyata keçirib.

Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Şaiq Həsənov ötən il oktyabrın 2-də həmyerlisi Yusif Quliyevin evinin həyətində keçirilən məclisdə spirtli içki qəbul edib. O, sonra axşam tanışı Səxavət Orucov, Rəşad Quliyev və Rəşad Aslanovla birlikdə Xosrov Mehdiyevi “Priora” markalı avtomobillə rayonun Səhlabad kəndinin yuxarı tərəfində yerləşən “Narlıq” adlanan əraziyə gətirib.

Burada Şaiq Həsənov Xosrov Mehdiyevin qollarını tutub, Səxavət Orucov isə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq xəsarətlər yetiriblər.

Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucovun cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elmin Rüstəmovun sədrlik etdiyi kollegiyada araşdırılır.