Həbsdə olan bloqçu Mehman Hüseynovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə Mehman Hüseynovun vəkilləri Fəxrəddin Mehdiyev və Fuad Ağayev çıxış edib.
Onlar Mehman Hüseynov barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Xüsusi ittihamçının nümayəndəsi Əlirza Əbilov isə birinci instansiya məhkəməsinin qərarımın dəyişdirilmədən saxlanmasını istəyib.
Mehman Hüseynov da çıxış edərək ittihamı qəbul etmədiyini deyib. O, barəsində bəraət hökmünün çıxarılmasını isyətib.
Hakimlər kollegiyası müşavirəyə yollanıb. Müşavirədən qayıdan hakimlər Mehman Hüseynovun şikayətini təmin etməyiblər.
Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib. Suraxanı rayon Məhkəməsinin hökmü ilə Mehman Hüseynov 2 il müddətə azadlıqdan məhrum edilib.
O, hökmdən apelyasiya şikayəti verib, bəraət istəyib. Bakı Apelyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
Sentyabrın 29-da Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə baş tutan prosesdə Bakı Apelyasiya Məhkəməsinin həmin qərarə qərarı ləğv edilib, iş yenidən geri qaytarılıb.
Mehman Hüseynov bu ilin yanvarın 9-u axşam saatlarında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb.
Azad edildikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, saxlanılarkən polislər ona işgəncə veriblər. DİN məlumatı təkzib edib və bloqçunun böhtan atdığı barədə açıqlama yayıb.