Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun apelyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə Vidadi Zeynalovun vəkili Elxan Süleymanov çıxış edib.

O, müvəkkili barəsində irəli sürülmüş ittihamları absurd adlandırıb. Onun sözlərinə görə, nazirlik mülki iddiaçı ola bilməz: “Mən cinayət işini qurama hesab edirəm. Birinci instansiya məhkəməsi zamanı heç bir ittiham sübuta yetirilməyib. İttihamda göstərilib ki, guya Vidadi Zeynalov dəstə başçısıdır və göstəriş verib. Vidadi Zeynalov hansı göstərişi verib? Şahidlər ifadəsində onu yaxından tanımadıqlarını və müvəkkilimdən heç bir göstəriş almadıqlarını dedi. İttihamda qeyd edilib ki, guya o, vəzifə səlahiyyətlərini aşıb. Hansı səlahiyyətlərdən söz gedə bilər?”.

Vəkil qeyd edib ki, Vidadi Zeynalovun ailə üzvlərinin əmlaklarının üzərinə həbs qoyulması qanunsuzdur.

Daha sonra Vidadi Zeynalovun digər vəkili Bəylər Məmişov çıxış edib. O da müvəkkilinin günahsız olduğunu deyib.

Söz Vidadi Zeynalova verilsə də, o bi proses danışmaq istəmədiyi deyib.

Digər təqsirləndirilən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq sədri Beytulla Hüseynovun vəkili Cəlil Mirzəyev çıxış edib. O, çıxışında Bakı Ağır Cinayətlər Məhkəməsinin qanunsuz və əsassız hesab etdiyini deyib: "Verdiyimiz apellyasiya şikayətində bu barədə çox geniş qeyd eləmişəm. İsyintaq orqanı necə qərəzli münasibət bəslədisə, məhkəmə də onun cığırından çıxmadı. İttihamda yazılanları köçürdüb, hökmə yazdılar. Orada göstərilən bütün məbləğlər hamısı şişirtmədir. Bu məhkəmədə şahid ifadələrində tərəflərin çıxışında tam sübuta yetirildi. Beytulla Hüseynovun dövlətə vurduğu ziyan 10 milyon manat hesablanıb. Başdan ayağa şişirtmədir. Lakin məhkəmə dövründə yaxınları tərəfindən həmin məbləğ ödənildi. Lakin bu hökmdə yüngülləşdirici hal hesab edilmədi. Məhkəmədə Beytulla Hüseynova verilən ittihamların təsdiq tapmadı".
Vəkil sonda verdikləri apelyasiya şikayətinin təmin olunmasını istəyib .

Beytulla Hüseynovun özü də qeyd edib ki, heç zaman dövləti əmlakını mənimsəməyib: "Mən sizə bir şey deyim. Rabitə sahəsində ən kiçik mütəxəssis kimi başlamışam. Gənv yaşından bu sahədə inkişaf etmişəm. Özüm müharibə veteranıyam. Döyüşmüşəm. Ən sonunda əziyyətimin bəhrəsi kimi BTRB-ə rəis təyin edilmişəm. Mən ora təyin olundan oranın büdcəsi 1 milyon idi. Mən bunu dəfələrlə çoxaltmışam. Biz gələndə işçilərin maaşı 150 manat idisə, biz bunu 750 manata qədər qaldırmışıq. Bizim olduğumuz müddətdə internetin sürəti əvvəlkinə nisbətən dəfələrlə artırılıb. Biz dövlətə xidmət etmişik. Hər zaman hökümətin, dövlətin yanında olmuşuq. Ölkə başçısa hər zaman sədaqətli olmuşam. Bu heç vaxt dəyişilməyib. Lakin məhkəmə və istintaq dövründə xidmətlərimə baxmayaraq mənə qarşı qərəz özünü göstərildi. Rəqəmlər süni şəkildə şişirdildi. Yaxınlarım, ailə üzvlərimin əməkalarına qanunsuz şəkildə həbs qoyuldu. Ümid edirəm ki, bu məhkəmədə apellyasiya şikayətimiz təmin ediləcək, biz də digərləri kimi azadlığımıza qovuşacağıq".

Daha sonra təqsirləndirilən Bayram Vəliyevin vəkili çıxış edərək apelyasiya şikayətində bəraət tələb etmədiklərini şikayətlərin əmlaklara qoyulan həbslə bağlı olduğunu bildirib.

Aztelekomun sabiq sədri Məhəmməd Məmmədovun vəkili Şahin Rəfiyev də müvəkkili barəsində birinci instansiya məhkəməsində bəraət hökmünün çıxarılmamasın qanunsuz olduğunu deyib. Təqsirləndiriləndən Emin Məmmədov və onun vəkildə prosesdə çıxış edib. Onlar Emin Məmmədov barəsində bəraət hökmünün çıxarılması istəyib.

Məhkəmədə həmçinin Vidadi Zeynalovun bacısı Kəmalə Zeynalovanın nümayəndəsi də çıxış edib. O, bildirib ki, Kəmalə Zeynalovanın əmlaklarına birinci instansiya məhkəməsində həbs qoyulub. Lakin bunun Vidadi Zeynalova heç bir dəxli olmadığını, baölı olmadığından həbsdən çıxarılmasını tələb ediblər.
Növbəti proses oktyabrın 26-da davam edəcək.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib.

Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevəin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.

Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Daha sonra posesin davamında Vidadi Zeynalovun vəkillərindən Ceyhun Yusifov gələn proses çıxış edəcəyini bildirib.