Bakıda evə basqın edərək bir nəfəri qətl edib, 2 nəfərə xəsarət yetirməkdə təqsirləndirilən Sənan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, subay olan Sənan Məmmədov orta məktəbə getməyib. O, prosesdə orta məktəbdə oxumadığını təsdiqləyib.
O bildirib ki, ibtidai istintaq dövründə cinayət işi düzgün aparılmayıb: “Qətlə yetirdiyim qadın həyat yoldaşım idi. Lakin cinayət işində qeyd edilib ki, guya həmin qadın sevgilimdir. Cinayət işimin ibtidai istintaqa qaytarılmasını və orada yenidən araşdırılmasını istəyirəm”.
Prokuror isə cinayət işinin məhkəmə baxışına verilməsini istəyib. Hakimlər hazırlıq iclası ilə bağlı qərar qəbul etmək üçün müşavirəyə gedib. Qısa müşavirədən sonra qərar açıqlanıb.
Qərara görə, təqsirləndirilən şəxsin vəsatəti təmin edilməyib, cinayət işi məhkəmə baxışına təyin edilib.
Növbəti proses oktyabrın 31-də keçiriləcək.
İttihama görə, bu il iyunun 23-də gecə saatlarında Yasamal rayonu, İbrahim Əbilov 60 ünvanında (keçmiş “Sovetski”) 1967-ci il təvəllüdlü Mətanət Həsənovaya məxsus evdə kirayə qalan 1989-cu il təvəllüdlü Mahirə Əliyevanın yanına keçmişdə münasibətdə olduğu bildirilən Sənan Məmmədov 3 nəfərlə gəlib.
Sənan Məmmədov və Mahirə Əliyeva arasında münaqişəyə ev sahibəsi və onun oğlu 1991-ci il təvəllüdlü Laçın Həsənov müdaxilə etmək istəyiblər. Sənan Məmmədov əvvəlcə ev sahiblərinə, daha sonra Mahirə Əliyevaya bıçaq xəsarətləri yetirib.
Yaralılar 1 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər. Mahirə Əliyeva xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sənan Məmmədov saxlanılıb.