Bakıda qətl törətməkdə təqsirli bilinən İlkin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
İlkin Əhmədov 14 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin aprelində Binə südçülük sovxozu adlanan ərazidə kirayədə yaşayan 1992-ci il təvəllüdlü İlkin Əhmədov ev sahibi, 1991-ci il təvəllüdlü Fial İsmayılovu qətlə yetirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Meyitə ilkin baxış keçirilərkən onun üzərində 4 bıçaq zərbəsi və boğazının kəsildiyi məlum olub.
Müəyyən edilib ki, İlkin Əhmədov uzun müddətdir Fail İsmayılovun evində kirayədə yaşayıb. Fail İsmayılov İlkin Əhmədovun onun həyat yoldaşı ilə münasibətlərindən şübhələnib. O, hadisə baş verən günü səhər işə getmək adı ilə evdən çıxıb və tez geri dönüb.
Evə qayıdarkən İlkin Əhmədovu həyat yoldaşı ilə bir yerdə tutub. Nəticədə onların arasında dava düşüb və İlkin Əhmədov Fail İsmayılovu bıçaqlayıb, sonra da başını kəsib. Cinayəti törədəndən sonra o, polisə təslim olub.