Bakıda Böyük Britaniya vətəndaşını soymaqda təqsirləndirilən Emin Mustafayev və Nicat Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
O, təqsirləndirilən şəxslərin hər birinin 5 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra təqsirləndirilən Nicat Hacıyevin vəkili Vüqar Xasayev müdafiə çıxışı edib.
O, müvəkkilinin günahsız olduğunu deyib. Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin əməlində soyğunçuluq cinayəti törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməyib.
Vəkil Nicat Hacıyevin barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Digər təqsirləndirilən şəxsin vəkili isə müdafiə çıxışına hazır olmadığını bildirib. O, hakimdən çıxışa hazırlaşmaq üçün əlavə vaxt istəyib. Növbəti proses oktyabrın 23-də davam edəcək.
İttihama görə, bu il aprelin 30-da, gecə saatlarında paytaxtın Səbail rayonu ərazisindəki Sahil bağında iki nəfər naməlum şəxs İngiltərə vətəndaşı Dean Simpsonun içərisində 467 manat və 3 ədəd bankomat kartı olan pulqabısını alaraq hadisə yerindən qaçıblar.
Bu zaman Səbail rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsinin hadisə yerinin yaxınlığında xidmət aparan əməkdaşları soyğunçuluq törədərək qaçmağa cəhd edən Bakı sakini Emin Mustafayev və Beyləqan rayon sakini Nicat Hacıyev yaxalanıb.
Saxlanılan şəxslərin sözlərinə görə, onlar həmin şəxsin sərxoş olmasını görüb, onu izləməyə başlayıblar, bundan sonra isə cinayəti törədiblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham edilirlər.