Teleqraf.com xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçən prosesdə Rüfət Quliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu il fevralın 7-də saat 22.30 radələrində Sumqayıtın Corat qəsəbəsində Rüfət Quliyev yaşadığı evin yaxınlığında 34 yaşlı tanışı Ramiz Hətəmov və onunla birlikdə digər tanışları ilə rastlaşıb.
Rüfət Quliyevlə Ramiz Hətəmov arasında mübahisə yaranıb, onlar biri-birinin ünvanına söyüş söyüblər.
Fevral;n 8-də səhər saat 09.00 radələrində sərxoş vəziyyətdə Rüfət Quliyevin evinə gələn Ramiz Hətəmov bir gün əvvəlki söyüşə görə irad bildirib. Köhnə tanışlar arasında yenidən mübahisə yaranıb.
Ramiz Hətəmov Rüfət Quliyevin ünvanına təhqiredici ifadələr işlədib. Söyüşlərə dözməyən Rüfət Quliyev baltaya əl atıb, Ramiz Hətəmovun başına zərbələr endirib. Ramiz Hətəmov hadisə yerində ölüb.
Qatil polisə könüllü təslim olub.
Araşdırma zamanı məlum olub ki, hər iki şəxs əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək məhkumluq həyatı yaşayıblar. Onlar 3 saylı cəzaçəkmə müəssisəsində tanış olublar.
Rüfət Quliyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilib.