Teleqraf.com xəbər verir ki, hakim Aytən Əliyevanın sədrliyi ilə baş tutan prosesdə şahidlərin məcburi gətirilməsi barədə qərar verilib.
Faiq Əmirlinin cinayət işində 55 şahid var.
İstintaqda daha çox adam ifadə verib, amma ittiham tərəfi məhkəmədə onlardan 55-nin də dindirilməsini istəyib. Onların 28-i məhkəmədə dindirilsə də, qalan şahidlər gəlmir.
Hakim bildirib ki, şahidlərlə dəfələrlə əlaqə saxlanılsa da, məhkəməyə gəlməkdən imtina edirlər. Ona görə də şahidlərin hamısının haqqında məcburi gətirilmə qərarı çıxarılır.
Məhkəmə bu səbəbdən iyulun 3-nə qədər təxirə salınıb.
Ötən il avqustun 20-də saxlanılan Faiq Əmirli Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) və 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə və ya belə qrupda iştirak etmə) maddələri ilə ittiham edilir.
Onun avtomobilindən FETÖ rəhbəri Fətullah Gülənə aid kitablar tapılıb.