Teleqraf.com-un məhkəmədə olan əməkdaşı bildirir ki, bununla bağlı günorta fasiləsində Akif Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqlama verib.

Vəkil bildirib ki, müdafiə tərəfi Tağı Əhmədova suallar vermək istəyib: "Tağı Əhmədova suallar vermək istədik. Akif Çovdarov da Tağı Əhmədovun prosesdə qalmasını və ona suallar vermək istədiyini dedi. Hakim bunu təmin etmədi".

Vəkilin sözlərinə görə, müdafiə tərəfi Tağı Əhmədovun 44 illik əmək fəaliyyəti dövründə qazandığı 3 milyon manatın mənbəyini soruşmaq istəyib: "Buna da imkan verilmədi. Mən 2006-cı ildən bəri Tağı Əhmədovun illik məvacibi haqda çıxarış almışam. Onun qazancı illik 20-25 min manat olub".

Sadiq Rəsulov bildirib ki, Tağı Əhmədov istintaqa verdiyi ifadəsini təsdiqləyib: "Sonra isə məhkəmədə dedikləri ilə istintaq ifadəsi arasımda ziddiyyət aşkarlandı. Ziddiyyət bundan ibarət idi ki, Tağı Əhmədov istintaqa MTN əməkdaşı Rəsul Rəsulovla martın 26-da görüşdüyünü və Rəsulun ona Çovdarovun pul istədiyini çatdırıb. Tağı Əhmədov 2 gün sonra yenə Rəsul Rəsulovla görüşdüyünü və 3-5 milyon manat pul tələb edildiyini bildirib.
Həmin vaxt pulu düzəldib Çovdarova verib. Ruslan Əhmədov və Əli Əhmədov da pulu martın 26-27-si tarixlərində verdiklərini deyiblər. Antenn məlumatlarında isə Tağı Əhmədovun həmin vaxt o ərazidə olmadığı bəlli olub.

Sərhəd Xidmətinə verilən sorğumuza cavabda məlum olub ki, martın 26-da Tağı Əhmədov Dubayda imiş".

Tağı Əhmədov isə istintaqda elə söz demədiyini bildirib. Daha sonra hakimin icazəsi ilə zaldan çıxıb.

Məhkəmədə həmçinin məlum olub ki,
Eldar Mahmudov vəzifədən çıxarılandan sonra Tağı Əhmədov Rəsul Rəsulova "Akif Çovdarova denən pulu qaytarsın" məzmunlu mesaj yazıb.

Akif Çovdarov Tağı Əhmədova düz danışmağı məsləhət görüb: "Mən 8 il sənin kuratorun olmuşam. Bir dəfə də səninlə aramda telefon danışığı olmayıb".

Tağı Əhmədov da bunu təsdiqləyib.

Daha sonra iclasda Tağı Əhmədovun oğlu Ruslan və qardaşı oğlu Əli ifadə verib.

Proses günün ikinci yarısında davam edəcək.