BAKI, 15 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın liderliyi Azərbaycan və Ermənistan arasında sülh prosesinə mühüm töhfə verib.
Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “NewsMax”a müsahibəsində bildirib.
O qeyd edib ki, Donald Trampın prezident seçilməsindən sonra ABŞ-Azərbaycan əməkdaşlığı və tərəfdaşlığında yeni mərhələ başlayıb.
H.Hacıyev D. Trampın şəxsi müdaxiləsinin Azərbaycan və Ermənistan arasında onilliklər davam edən münaqişənin həlli istiqamətində mühüm rol oynadığını vurğulayıb:
“Prezident Donald Tramp və onun bu vəzifəyə gəlməsi ABŞ və Azərbaycanın əməkdaşlığını və tərəfdaşlığını tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi".
O, 8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüşü tarixi hadisə adlandırıb.
H.Hacıyev qeyd edib ki, Donald Trampın siyasi çəkisini sülh prosesinə yönəltməsi Azərbaycan və Ermənistanı yekun sülhə yaxınlaşdırıb:
"ABŞ və Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətləri yeni mərhələyə qədəm qoyub və tərəflər bu istiqamətdə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindədirlər".