BAKI, 7 avqust. TELEQRAF
Düz bir il əvvəl avqustun 8-də Azərbaycanın diplomatiya tarixində xüsusi yer tutan hadisə baş verdi. Prezident İlham Əliyevin ABŞ-yə səfəri çərçivəsində həmin gün “Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Vaşinqton görüşünün nəticələrinə dair Birgə Bəyannamə” imzalandı. ABŞ Prezidenti Donald Trampın şahid qismində imza atdığı bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan imzaladı.
Azərbaycan və Ermənistan xarici işlər nazirləri isə “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında Sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in razılaşdırılmış mətnini parafladılar. Həmçinin “ATƏT-in Minsk prosesi və onunla bağlı strukturların ləğvi barədə ATƏT sədrinə birgə müraciət”ə imza atdılar.
Avqustun 8-də “ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üzrə Strateji İşçi Qrupunun yaradılmasına dair Anlaşma Memorandumu” və Ermənistanla ABŞ arasında TRIPP və ya “Tramp marşrutu” layihəsinə dair əməkdaşlıq memorandum da imzalandı.
Bütün bunlar İlham Əliyevin illərdir yürütdüyü sülh siyasətinin praktiki nəticələri, onun uzaqgörən siyasətinin regionda yaratdığı yeni və Azərbaycanın şəksiz lider olduğu reallığın rəsmiləşməsi və ABŞ Prezidentinin də imzası ilə təsdiqi hadisəsi idi.

Avqustun 8-də Vaşinqtonda paraflanan sülh sazişinin mətnini 44 günlük Vətən müharibəsi zəfərindən sonra Azərbaycan yazmışdı. Azərbaycanın irəli sürdüyü beş prinsipi əhatə edən sülh sazişi rəsmən Baş nazirinin imzası ilə Ermənistan tərəfindən qəbul edildi.
Həmin beş prinsipə yenidən nəzər salaq:
Dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin qarşılıqlı tanınması və onlara hörmət edilməsi;
Bir-birinə qarşı ərazi iddialarının olmaması və gələcəkdə də belə iddiaların irəli sürülməyəcəyinə dair qarşılıqlı öhdəlik;
Bir-birinin təhlükəsizliyinə qarşı təhdid və ya güc tətbiqindən, habelə BMT Nizamnaməsinə zidd digər hərəkətlərdən çəkinmək;
Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;
Nəqliyyat və kommunikasiya xətlərinin açılması, digər müvafiq sahələrdə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran münasibətlərin inkişafı.
Həmin gün həm də bir neçə onillik münaqişədən sonra Azərbaycan və Ermənistan arasında yeni səhifə açıldı, düşmənçiliyə son qoyuldu, Cənubi Qafqazın gələcək geosiyasi arxitekturasına təsir göstərə biləcək proseslər rəsmiləşdi. Başqa sözlə, həmin səfər və o gün baş verənlər təkcə iki ölkə arasında münasibətlərin normallaşmasına xidmət edən diplomatik hadisə yox, həm də Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallığın beynəlxalq səviyyədə qəbulu və siyasi legitimləşməsi olayı idi.
Əlbəttə, iki ölkə arasında sülhün bərqərar olması təkcə Azərbaycan və Ermənistanla məhdudlaşmır. Bununla Şərqlə Qərb arasında təhlükəsiz keçid və ya yol kimi özünü təsdiqləyən Cənubi Qafqaz dünyanın bütün istiqamətlərinə yeni nəqliyyat-logistika xətti kimi önə çıxdı. Yeni kommunikasiya layihələri, xüsusən də “Tramp marşrutu” bölgənin iqtisadi potensialını artırmaqla yanaşı, təhlükəsizlik mühitini də dəyişir. “Tramp marşrutu” sadəcə yeni nəqliyyat marşrutu yox, bütövlükdə Cənubi Qafqazın beynəlxalq logistika sisteminə daha sıx inteqrasiyasını nəzərdə tutur. Layihənin reallaşması regionun tranzit imkanlarını genişləndirəcək, investisiya cəlbediciliyini artıracaq və iqtisadi əməkdaşlıq üçün yeni platforma yaradacaq. Bu, həm də qalıcı sülh deməkdir.
.png)
Təsadüfi deyil ki, avqustun 8-dən sonra ticari-iqtisadi əlaqələri tədricən bərpa etməyə başlayan Azərbaycan və Ermənistan bölgədə münaqişə riskini böyük ölçüdə azaltdı. Ermənistanda Konstitusiya dəyişikliyindən sonra yekun sülh sazişinin imzalanması isə prosesdə son nöqtə olacaq. Artıq Ermənistanda bununla bağlı işlər başlayıb.
Beləliklə, Azərbaycanın sülh təşəbbüsünün rəsmiləşməsi və beynəlxalq səviyyədə legitimləşməsi ilə Cənubi Qafqaz qlobal güclərin rəqabət meydanı olmaqdan çıxaraq əməkdaşlıq platformasına çevrildi. O gün Vaşinqtonda imzalanan razılaşmalar bölgədə çoxdan arzulanan və gözlənilən uzunmüddətli sabitliyi bərqərar etdi, yeni eranı - siyasi-iqtisadi inteqrasiya dövrünü başlatdı. Bəli, bütün bunların əsası Qarabağ zəfərimizlə sağlam təməllər üzərində qoyulmuşdu. Və o gün inancımızın əbəs olmadığının sübut edildiyi, doğrulandığı gün idi.
Şübhəsiz ki, bu prosesdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi və rolunu da unutmaq olmaz, bu, ayrıca diqqət çəkən məqamlardan biridir. Prezident İlham Əliyev də bunu yüksək qiymətləndirib. Azərbaycan lideri amerikalı həmkranın prosesdəki rolunu “Siz möcüzəyə imza atdınız”, “Son bir neçə ay ərzində Siz Asiyada, Afrikada və nəhayət Cənubi Qafqazda sülh yaratdınız, bu, inanılmazdır” kimi diqqətçəkən sözlərlə ifadə etmişdi.
İlham Əliyevin bu ərəfədə və ondan sonra Donald Trampla yazışmaları, bir-birinə ünvanladıqları məktublar, ABŞ Prezidentinin sosial şəbəkələrdə azərbaycanlı həmkarı haqda paylaşımları fonu daha da rəngarəng və maraqlı etdi. ABŞ və Azərbaycan arasında indiyədək adət etmədiyimiz şeylər baş verirdi. Bu yazışmalar və məktublaşmalarda regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq, enerji marşrutları və sülh prosesinin əhəmiyyəti xüsusi vurğulanırdı.

İlham Əliyevlə Donald Tramp arasındakı yüksək əlaqələr ABŞ-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi ilə yekunlaşdı.
Şübhəsiz, Əliyevin uğurları və prosesdə usta gedişləri Trampın da diqqətini çəkmişdi. Yəni bunlar təsadüfən baş vermirdi.
ABŞ Prezidentinin Azərbaycan lideri haqda nələri dediklərini bir daha yada salaq:
“Prezident Əliyev sülhə nail olmaq üçün böyük iş görüb”.
“Prezident Əliyev bu prosesi irəli aparmaq üçün çox konstruktiv mövqe nümayiş etdirdi”.
“Siz çox çətin vəziyyətlərdə belə razılığa gəlməyi bacardınız”.
“Əliyevlə bunu bacardıq”.
Beləliklə, təşəbbüs göstərdik, gündəliyi formalaşdırdıq və işi istədiyimiz kimi bitirdik. Hamı da razılaşdı. Ədalətli olan da bu idi. Və bütün bunların altında İlham Əliyevin – nəyi nə vaxt necə edəcəyini bilən liderin imzası var. O, həm də dünyaya “Hərbi qələbəni sülh və siyasi nəticəyə necə çevrmək olar?” ustad dərsini keçdi.
Tarixi ədalətin və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə təntənəli sona çatdıq. Tarixində görmədiyi hadisələrə şahidlik edən Cənubi Qafqazda artıq heç nə əvvəlki kimi deyil və olmayacaq.