BAKI, 25 aprel. TELEQRAF
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycana səfəri və dövlət başçısı İlham Əliyevlə keçirdiyi görüşün yekunları dair sosial media hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, Ukrayna lideri iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu və qarşılıqlı hörmət üzərində qurulduğunu vurğulayıb:
"Bu, mənim Azərbaycana ilk səfərimdir və son dörd ildən çox müddətdə bizim yeddinci görüşümüzdür. Səmimi söhbətə və ən əsası əldə olunmuş razılaşmalara görə Prezident İlham Əliyevə təşəkkür edirəm. Bu gün Ukrayna və Azərbaycan müvafiq sahələr üzrə 6 sənəd imzalayıblar".
Prezident qeyd edib ki, əməkdaşlığın əsas istiqaməti müdafiə-sənaye kompleksi olacaq:
"Biz bu sahədə əlaqələrimizi inkişaf etdirəcək və gücləndirəcəyik. Bu gün çox ciddi bir addım atdıq və tezliklə yeni sənədlər imzalanacaq. Görüşdə həmçinin enerji layihələri də diqqət mərkəzində olub".
Volodimir Zelenski Azərbaycanın göstərdiyi humanitar və enerji dəstəyinə görə minnətdarlığını ifadə edib:
"Ötən çətin qış da daxil olmaqla, Ukraynaya göstərilən 11 enerji yardımı paketinə görə Azərbaycana minnətdaram. Biz mövcud enerji təşəbbüslərinin davam etdirilməsini və yenilərinin işə salınmasını müzakirə etdik".
Sonda V. Zelenski Azərbaycanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəyişməz dəstəyi yüksək qiymətləndirib, sülhün bərpası istiqamətindəki səylərdə Azərbaycanın rolunu xüsusi qeyd edib.