BAKI, 7 aprel. TELEQRAF
“İki qonşumuz - Rusiya və İranın müharibə vəziyyətində olması Cənubi Qafqaz bölgəsi, o cümlədən Azərbaycan üçün müəyyən risklər yaradıb. Halbuki Azərbaycan yaxın və uzaq ölkələrlə münasibətərdə gərginliklərin azaldılmasının tərəfdarıdır. Məsələn, Azərbaycan-Fransa və Azərbaycan-Hindistan münasibətlərində normallaşma meylləri hiss olunur”.
Teleqraf xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Ekspert bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra Hindistan-Azərbaycan münasibətlərində sualların sayı artmışdı:
“Hindistanın Ermənistana silah satması Azərbaycanda narahatlıq yaratmışdı. Dehli isə Azərbaycanın Pakistanla strateji tərəfdaşlığı üst səviyyəyə qaldırmaqdan narahat idi. Halbuki Azərbaycan-Pakistan strateji tərəfdaşlığı üçüncü dövlətlərə qarşı yönəlməyib. Bu mənada, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla Pakistan arasında təmasların artmasından narahat deyil.

Bakı və Dehli aralarındakı fikir ayrılıqları ortadan qaldırmağa həvəslidir. ABŞ və İsrailin İrana qarşı müharibəyə başlamasından sonra digər ölkələrin vətəndaşları kimi Hindistan vətəndaşlarının da bir qismi İrandan ölkələrinə Azərbaycan vasitəsilə təxliyə edilib. Martın 30-dək İrandan 196 Hindistan vətəndaşı Azərbaycana təxliyə olunub. Hindistanın Bakıdakı səfirliyi buna görə Azərbaycana təşəkkürünü bildirən açıqlama yayıb. Bu açıqlamadan bir neçə gün sonra Hindistan rəsmi heyəti Bakıya gəlib.
Aprelin 3-də Bakıda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Hindistan Xarici İşlər Nazirliyinin Qərb üzrə katibi Sibi Corcun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub, iqtisadi-ticari əlaqələr, enerji, turizm və təhsil sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Bununla yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlər barədə mövqelər diqqətə çatdırılıb, bu istiqamətdə dialoqun əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Eyni gündə Azərbaycan və Hindistan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. İki ölkə arasında bu cür təmasların artacağını proqnozlaşdırmaq olar”.
Elxan Şahinoğlu xatırladıb ki, Azərbaycan heç bir ölkə ilə münasibətlərdə gərginlik istəmir:
“Önəmli olan münasibətlərdə qarşılıqlı hörmətə əsaslanmaqdır. Məsələn, Fransa İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəklədi, fransalı rəsmilər və deputatlar Azərbaycan əleyhinə açıqlamalar verdilər. Bundan sonra iki ölkə arasında münasibətlər gərginləşdi. Halbuki buna qədər iki ölkə arasında münasibətlər normal idi. Hazırda Paris Cənubi Qafqaz siyasətini korrektə etməyə, Azərbaycanla münasibətləri yenidən normallaşdırmağa çalışır. Bu Azərbaycanın da maraqlarına cavab verir.
Qeyd etdiyim kimi, Azərbaycan Hindistanla da əlaqələrin əvvəlki axarına qayıtmasında maraqlıdır. Hər iki ölkənin Qoşulmayanlar Hərəkatının üzvü olduğu da nəzərə alınmalıdır. Digər tərəfdən, Azərbaycandan keçən nəqliyyat yolları Dehlinin də maraq dairəsindədir”.