BAKI, 26 dekabr. TELEQRAF
"Azərbaycan gələn il sülh prosesini irəlilətmək üçün ikitərəfli dialoqa sadiq qalacaq. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişməsi və TRIPP layihəsi üzrə öhdəliklərin tam icrası xüsusi əhəmiyyət kəsb edir və mütləqdir".
Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
İki dövlət arasında müxtəlif müstəvilərdə etimad quruculuğu istiqamətində səylər intensivləşib.
"Son dövrlər iki ölkənin beyin mərkəzinin nümayəndələrinin görüşləri təşkil olunub. 28 noyabrda Qəbələdə delimitasiya üzrə dövlət komissiyanın iclası keçirildi".
Nazir deyib ki, 2026-cı ildə də xarici ölkələrlə münasibətlərdə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlıq davam etdiriləcək:
"Əldə olunan nailiyyətlər uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsidir. Bu gün Azərbaycandan Gürcüstan üzərindən Ermənistana yüklərin daşınması reallığa çevrilib. Halbuki bir neçə il əvvəl bu barədə danışmaq belə mümkün deyildi. O dövrdə işğal faktoru mövcud idi. Hazırda isə bölgədə yeni reallıqlar formalaşıb".