TBİLİSİ, 22 iyul. TELEQRAF

Tbilisidə Azərbaycan və Gürcüstanın xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Nümayəndə heyətlərinə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Gürcüstan tərəfindən xarici işlər nazirinin müavini Laşa Darsaliya başçılıq ediblər.

Məsləhətləşmələr zamanı iki ölkə arasında güclü strateji tərəfdaşlıq və sıx ikitərəfli əməkdaşlıq vurğulanıb.

Tərəflər ticari-iqtsadi əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini və sərmayələrin cəlb edilməsi məsələsini müzakirə ediblər.

Müzakirələr çərçivəsində Cənubi Qafqaz bölgəsində baş verən proseslər də nəzərdən keçirilib.

Tərəflər bu ilin aprelin 17-də Tbilisidə baş tutmuş Gürcüstan, Azərbaycan və Ermənistan XİN başçıları müavinlərinin üçtərəfli görüşünü alqışlayaraq qarşılıqlı təşəbbüslər və regional layihələr üçün böyük potensialın olduğunu qeyd ediblər.

Məsləhətləşmələrdə Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli regional əməkdaşlıq formatına və birgə strateji layihələrə toxunulub. Orta Dəhlizin əhəmiyyətini vurğulayan tərəflər yaşıl enerji sahəsində əməkdaşlıq perspektivləri ətrafında da fikir mübadiləsi aparıblar.