BAKI, 10 iyul. TELEQRAF
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Baş nazir Nikol Paşinyan ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında Əbu-Dabidə baş tutan görüşlə bağlı təfərrüatları açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə XİN-nin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, iyulun 10-da Ermənistan Baş naziri və Azərbaycan Prezidenti Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində görüş keçiriblər. Görüş zamanı Ermənistan–Azərbaycan dövlətlərarası münasibətlərin normallaşdırılması gündəliyinə dair müxtəlif aspektlər müzakirə olunub.
Danışıqlarda ikitərəfli danışıqlar münasibətlərin normallaşdırılması prosesindəki bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib. Bu əsasda nəticəyönümlü dialoqun davam etdirilməsi barədə razılıq əldə olunub.
Liderlər delimitasiya prosesində əldə olunan irəliləyişi vurğulayaraq, aidiyyəti dövlət komissiyalarına bu istiqamətdə praktik işi davam etdirməyi tapşırılıb. Tərəflər həmçinin ikitərəfli danışıqların və qarşılıqlı etimadın möhkəmləndirilməsinə yönəlmiş tədbirlərin davam etdirilməsi barədə razılığa gəliblər.
Nikol Paşinyan və İlham Əliyev görüşün təşkili və səmimi qonaqpərvərlik üçün Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəkkürlərini bildiriblər.