XANKƏNDİ, 4 iyul. TELEQRAF
"40 il davam edən münaqişədən sonra Əfqanıstan islam dövrünün ən gözəl dövrünü yaşayır".
Teleqraf-ın Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Əfqanıstanın Baş nazirinin müavini Əbdül Qəni Baradar İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O bildirib ki, Əfqanıstan bütün ölkələrlə əməkdaşlıq etməyə hazırdır.
"Əfqanıstanla islam dəyərlərinə əsaslanan əlaqələr qurulmalıdır. Əfqanıstan İslam Əmirliyi istədiyinə nail olub, narkotikin qeyri-qanuni dövriyyəsinin qarşısı alınıb. Ölkəmiz digər dövlətlərin daxili işlərinə müdaxilə etmir.
Ləyaqətli qarşılıqlı əlaqələrə açığıq. Bizim üçün önəmli olan iqtisadiyyatımızı dirçəltməkdir. Əfqanıstan müxtəlif regional əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlıdır. Regional iqtisadiyyatın güclənməsi bizim maraqlarımıza uyğundur".
Nümayəndə həmçinin təşkilata üzv ölkələrə təklif edib ki, Əfqanıstana investisiya yatırsınlar:
"Əfqanıstan özünü dirçəltmək üçün daxili imkanlardan istifadə edir. Biz ECO ölkələri ilə bütün sahələrdə əməkdaşlıq etmək istəyirik.
Əfqanıstanın imkanlarından geniş istifadə etmək olar. ECO ölkələrinin iqtisadi dəstəyi bizim üçün əhəmiyyət kəsb edir. Ölkəmiz sərmayələr üçün əlverişli şəraitə sahibdir. Mən təşkilata üzv ölkələri Əfqanıstana investisiya qoymağa çağırıram".