BAKI, 4 iyun. TELEQRAF

Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və koordinasiyalı tədbirlər nəticəsində iyunun 3-də Suriya Ərəb Respublikasının getmiş 13 nəfər Azərbaycan vətəndaşının ölkəmizə repatriasiyası həyata keçirilib.

Bu barədə Teleqraf-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İlk növbədə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti müəyyən edilib.

İraq və Suriyadan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycan Respublikasına qayıdış şəhadətnamələri və təyyarə bileti ilə təmin olunub.

Repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir.