BAKI, 19 may. TELEQRAF

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbər heyəti İsrailin Tel-Əviv şəhərində rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov İsrail Dövlətinin müdafiə naziri cənab İsrael Katz və Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir ilə görüşüb.

Bu barədə Teleqraf-a Müdafiə Nazirliyindən bildirilib.

Ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasının xüsusi vurğulandığı görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi səfər zamanı Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor cənab Aqil Qurbanov ilə İsrail Müdafiə Nazirliyinin Baş direktoru cənab Amir Baram arasında keçirilən görüşdə hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər və perspektiv planlardan danışılıb.

Nazirliyin rəhbər heyəti, həmçinin İsrail Müdafiə Qüvvələrinin Baş Əməliyyat Mərkəzini ziyarət edərək burada görülən işlərlə tanış olub.

***

16:45

BAKI, 16 may. TELEQRAF

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov İsraildə səfərdədir.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

İsrail müdafiə naziri İsrael Katz bu səfər çərçivəsində Təl-Əvivdə general-polkovnik Zakir Həsənovla görüşüb.

Görüş zamanı İ.Katz iki ölkə arasında dərin strateji müttəfiqliyi yüksək qiymətləndirərək, ortaq maraqlar və qarşılıqlı etimadı vurğulayıb. O, HƏMAS-ın 7 oktyabr hücumundan sonra Azərbaycanın dəstəyinə və İsraillə Türkiyə arasında vasitəçilik səylərinə görə Z.Həsənova təşəkkür edib.

İ.Katz Avroviziya mahnı müsabiqəsində Azərbaycanın İsrail təmsilçisinə ən yüksək bal (12) verdiyini xatırladaraq bu qiyməti iki hökumət və xalq arasında əsl dostluq əlaməti adlandırıb.

İsrail MN görüş zamanı müdafiə sahəsində əməkdaşlığı genişləndirmək barədə razılığa gəlindiyini də qeyd edib.