
BAKI, 15 fevral, TELEQRAF
"Azərbaycan ilə Serbiya uzun illərdən bəri yaxın dost və etibarlı strateji tərəfdaşdılar".
Teleqraf xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Serbiya dövlət başçısı Aleksandar Vuçiçə göndərdiyi təbrik məktubunda yer alıb.
"Yüksək səviyyəli siyasi dialoqumuz və yeni məzmunla zənginləşən əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahına töhfələr verməklə yanaşı, Qafqaz və Balkan regionları arasında əməkdaşlığın inkişafı baxımından mühüm rol oynayır. Tərəfdaşlığımızın prioritet istiqamətlərindən olan enerji sektorunda uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.
Eyni zamanda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız və qarşılıqlı dəstəyimiz məmnunluq doğurur. Mövcud imkanlardan istifadə edərək dövlətlərarası münasibətlərimizin daha da inkişafına, çoxşaxəli əməkdaşlığımızın dərinləşməsinə nail ola bilərik.
Əminəm ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı fəaliyyətimiz xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək, strateji tərəfdaşlığımız daha da möhkəmlənəcəkdir", - deyə məktubda qeyd olunub.