BAKI, 21 may. TELEQRAF
Şəhərlərin dayanıqlı inkişafı, təbii fəlakətlərə qarşı davamlı infrastrukturun qurulması və düzgün şəhər planlaşdırılması müasir dövrdə qlobal gündəliyin əsas mövzularından birinə çevrilib. Bu istiqamətdə beynəlxalq təcrübənin paylaşılması və birgə əməkdaşlıq isə xüsusi əhəmiyyət daşıyır.
Teleqraf xəbər verir ki, bunu Maymuna Mohd Şarif WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən “Multilateralizm vasitəsilə mənzil sahəsinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə” adlı tədbirdə deyib.
UN-Habitat-ın keçmiş icraçı direktoru Maymuna Mohd Şarif bildirib ki, şəhərlərin gələcəyi yalnız maliyyə ilə deyil, inteqrasiya olunmuş planlaşdırma, dayanıqlılıq və düzgün idarəetmə ilə müəyyən olunur.
O qeyd edib ki, peşə fəaliyyətinə Malayziyanın Penanq şəhərində şəhərsalma üzrə mütəxəssis kimi başlayıb, daha sonra isə BMT səviyyəsində qlobal layihələrə rəhbərlik edib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi dövrdə UN-Habitat 93 ölkə və 1300 şəhərdə fəaliyyət göstərib:
“Biz artıq nəyi, niyə, kim üçün, nə vaxt və harada suallarının cavabını bilirik. İndi əsas məsələ ‘necə’ sualıdır".
Maymuna Mohd Şarif çıxışında Mozambikdə baş verən İdai siklonundan sonra əldə olunan təcrübəyə də toxunub.
O bildirib ki, UN-Habitat-ın dayanıqlılıq standartlarına uyğun inşa edilən binalar təbii fəlakətə davam gətirib: “Digər tikililər dağılsa da, UN-Habitat qaydaları ilə tikilən bina ayaqda qalmışdı. Bu, dayanıqlılığın nə qədər vacib olduğunu göstərdi”.
O əlavə edib ki, bəzi hallarda maliyyə vəsaiti olsa da, düzgün planlaşdırma və idarəetmə çatışmır: "Eyni riskli ərazilərdə yenidən tikinti aparmaq problemin həlli deyil. Əgər eyni evi eyni yerdə tikəcəksinizsə, sadəcə növbəti siklonu gözləyəcəksiniz".
Hazırda Malayziyanın iri şirkətlərindən birində əmlak üzrə müşavir kimi fəaliyyət göstərdiyini deyən Şarif, dayanıqlı və yaşana bilən şəhər modellərinin praktikada tətbiqi üzərində çalışdığını diqqətə çatdırıb.
O, şəhərlərin yalnız problemlərin deyil, həm də həllərin mərkəzi kimi qiymətləndirilməsinin vacibliyini vurğulayıb.