BAKI, 21 may. TELEQRAF
Müasir "Ağıllı şəhər" yaratmaq hər zaman mümkündür, lakin Qarabağda elə bir mədəni irs məhv edilib ki, biz ilk növbədə onları qorumalı və yenidən bərpa etməliyik.
Bunu Teleqraf-a açıqlamasında Türkiyə Dünyası Memarlar və Mühəndislər Birliyinin Baş Katibi İlyas Demirci Bakıda keçirilən WUF13-də deyib.
O bildirib ki, qədim şəhərlərin qorunması ilə müasir şəhərlərə keçid bir-birindən çox fərqli məfhumlardır.
"Qədim şəhərlərin qorunmasında, mədəni irsin yaşadılmasında və məhv edilmiş tarixi irsin yenidən ayağa qaldırılması çox vacibdir. Modern şəhər salmaq asandır. Qarabağda müasir texnologiyaların tətbiq olunması, o şəhərlərin müasir şəkildə inkişaf etdirilməsi bizi də qürurlandırır. Lakin mən şəxsən mədəniyyətimizin, irsimizin və dəyərlərimizin qorunması naminə, o şəhərlərin tarixi siması və keçmiş görkəmi ilə yenidən inkişaf etdirilməsinə daha çox önəm verirəm. Mən 3-4 dəfə Türk Mədəniyyəti və İrsi Fondu və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) ilə birlikdə, Mühəndislər Birliyi olaraq heyətlə ora səfər etdim. Hər şeyi gözümlə gördüm.
Orada layihələndirmə işləri apardıq. Əlbəttə, bərpa işləri görülür, lakin qurmaq, tikmək asandır, əsas oranı dağıdanları sorğu-sual etmək lazımdır. Dağıdanlardan hesab sormağı bacarmalıyıq. Kiminsə etdiyi cinayət cəzasız qalmamalıdır. Məsələn, mən burada meşəni qorumağa çalışıram, kimsə gəlib bura bomba atır, benzin töküb alovlandırır, bütün dünyanı yandırır. Mən sülhü təmin etməyə çalışıram, kimsə öz kefi üçün gəlib müharibə başladır, insanları öldürür. Qurban kəsək, amma qurbanı Allah rızası üçün kəsək. İnsanları kimlərinsə maraqlarına qurban verməyək. Kimlərinsə kefinə görə şəhərlərimizi dağıtmağa, viran qoymağa imkan verməyək. İnsanları qorumaq ilk növbədə bu anlayışdan, bu düşüncədən başlayır. Ətraf mühit hamımızın ortaq dəyəridir, hər kəs ona sahib çıxmalıdır. Biri qurarkən, digərinin dağıtmasına əsla icazə verilməməlidir", - o vurğulayıb.