BAKI, 21 may. TELEQRAF

“Bir çox ölkələrdə sosial mənzil siyasətində istifadə olunan məlumat yanaşması uzunmüddətli perspektivdə ciddi problemlərə səbəb olur. Böyük miqyaslı və standartlaşdırılmış mənzil modelləri çox vaxt yerli konteksti nəzərə almır və nəticədə həm sosial dəyərini, həm də iqtisadi baxımdan dayanıqlılığını itirir. Bu isə ərazilərdə və insanların real ehtiyaclarında mövcud olan müxtəlifliyi anlamayan homogenləşdirilmiş məlumatların nəticəsidir”.

Teleqraf xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Təhsil və Peşəkar Təlim” adlı dəyirmi masada Beynəlxalq Ətraf Mühit və İnkişaf İnstitutunun (IIED) baş tədqiqatçısı Camilla Cocina deyib.

Onun sözlərinə görə, əsas sual “bizə məlumat lazımdırmı?” deyil, daha çox “bu məlumatı necə düzgün və kontekstə uyğun şəkildə formalaşdıra bilərik?” sualıdır:

“Məqsəd insanların müxtəlif tələblərini, ehtiyaclarını və yaşam aspirasiya-larını tanıyan daha dəqiq bilik sistemi qurmaqdır. Bu, mənzil sahəsində mövcud olan diskriminasiyaların və görünməz bərabərsizliklərin daha yaxşı başa düşülməsinə imkan verir.

Bunun ən aydın nümunələrindən biri məcburi köçürülmələrdir. Məcburi evdən çıxarılmalar insan hüquqlarının ciddi pozuntusudur və bu sahədə məlumat toplamaq olduqca çətindir. Buna baxmayaraq, Latın Amerikası ölkələrində bu prosesləri sənədləşdirən bir sıra təşəbbüslər və müşahidə platformaları yaranmaqdadır. Braziliyada xüsusilə Dünya Çempionatı dövründən başlayaraq, daha sonra pandemiyadan sonrakı dövrdə bu sahədə mühüm təcrübə formalaşıb. Eyni zamanda Çili, Kolumbiya və Meksika kimi ölkələrdə də vətəndaş cəmiyyəti və BMT ilə əlaqəli şəbəkələr bu məsələnin izlənməsi və sənədləşdirilməsi üzərində işləyir”,- tədqiqatçı qeyd edib.