BAKI, 21 may. TELEQRAF
Azərbaycan postmünaqişə dövründə yenidənqurma sahəsində təqdim edə biləcəyi mühüm təcrübə və ekspertizaya malikdir. Ölkəmiz hazırda onilliklər boyu davam edən münaqişə nəticəsində dağıdılmış və ərazi baxımından Livanla müqayisə oluna bilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı yenidənqurma proqramı həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin dəstəyi ilə UN Habitat tərəfindən WUF13 çərçivəsində təşkil edilən “Yaxın Şərq Böhranı və onun qlobal mənzil və şəhərsalma sahələrinə təsirləri” mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.
"2020-ci ildən etibarən, Azərbaycan azad edilmiş ərazilərin bərpasına, yolların, hava limanlarının, məktəblərin, xəstəxanaların və yaşayış məntəqələrinin tikintisi də daxil olmaqla 14 milyard ABŞ dollarından artıq vəsait ayırıb. Lakin Yaxın Şərqdə davam edən münaqişələrin yaratdığı qlobal və regional qiymət artımları yenidənqurma xərclərini əhəmiyyətli dərəcədə artıra bilər. Azərbaycanın yenidənqurma strategiyası əsasən idxal olunan tikinti materiallarından, texnikadan və regional qeyri-sabitliklə, eləcə də enerji qiymətlərinin artması ilə həssaslaşan logistika şəbəkələrindən asılıdır.
Yüksək tikinti xərcləri məcburi köçkünlərin Qarabağa qayıdışını nəzərdə tutan “Böyük Qayıdış” proqramının icrasını ləngidə bilər. Azərbaycan ilkin mərhələdə təxminən 140 min keçmiş sakinin geri qaytarılmasını planlaşdırır. Lakin inflyasiya təzyiqləri, minalardan təmizləmə xərcləri və təchizat zəncirində yaranan problemlər yaşayış və infrastruktur layihələrinə mənfi təsir göstərir", - deyə F.Şəfiyev qeyd edib.
Yekunda BMTM sədri vurğulayıb ki, logistika xətlərinin bərpası və biznes əməliyyatları üçün maliyyə əngəllərinin aradan qaldırılması artıq təxirəsalınmaz zərurətə çevrilib.