BAKI, 21 may. TELEQRAF
Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində “Şəhərsalmanın yenidən qurulması - Azərbaycan şəhər transformasiyası üçün İnnovasiya Laboratoriyasını necə yaratdı?” mövzulu tədbir keçirilib.
Teleqraf xəbər verir ki, “WUF13 Azərbaycan Əməliyyat Şirkəti”nin nümayəndəsi Şücaət Əhmədzadənin moderatorluğu ilə keçirilən tədbirdə şəhər inkişafı, dayanıqlı planlaşdırma və innovativ urbanizasiya yanaşmaları üzrə beynəlxalq təcrübə və Azərbaycanın uğurlu transformasiya modeli müzakirə olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin azad edilmiş ərazilərdə layihə idarəetməsi üzrə şöbə müdiri Ramil Cahangirov qeyd edib ki, işğaldan azad edilmiş bölgələrdə yenidənqurma üçün qarşıya qoyulan məqsəd bu ərazilərin qlobal şəhərsalma standartlarına uyğun olaraq bərpa edilməsidir. Prosesdə iştirak edən istər dövlət qurumları, istərsə də özəl sektorlar üçün bu, mühüm prinsip idi. O vurğulayıb ki, yenidənqurmanın ilk günlərindən etibarən beynəlxalq şirkətlərlə əməkdaşlığa başlanılıb.
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə, planlaşdırma, sadəcə, çertyojlardan, planlardan, kağızlardan və ya digər sənədlərdən ibarət deyil. “Əlbəttə, onların hamısı çox vacibdir. Lakin planlaşdırma ən doğru yanaşmanı tapmaq üçün beynəlxalq birliklə aparılan müzakirələrə, beyin fırtınalarına və qarşılıqlı əlaqələrə sərf olunan saatlar, günlər, bəzən isə aylarla vaxt deməkdir”, - deyə xüsusi nümayəndə bildirib.
İsveçrənin beynəlxalq şəhərsalma və ərazi planlaşdırılması agentliyi olan "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari-Binggeli Azərbaycanın yenidənqurma planları ilə bağlı təəssüratlarını bölüşüb: “Məqsədimiz geri qayıdanlar üçün təhlükəsiz və ləyaqətli həyat şəraiti təmin etmək idi. Biz işimizə hədəflə və planlarla başladıq, böyük zəhmət, fədakarlıq və sadiqliklə bunu reallığa çevirdik, bunu hazırda Azərbaycanda müşahidə edirsiniz. Xidmətlərimizə strateji baş planlaşdırma, ərazilərin zonalaşdırılması və həmçinin memarlıq icrasına qədər detallı layihələndirmə işləri daxildir”.