BAKI, 21 may. TELEQRAF
"Şəhərlər bir-biri ilə əlaqəli ekosistemlər kimi fəaliyyət göstərir və bir sahədə əldə olunan inkişaf digər sahələrdə də müsbət nəticələri gücləndirir".
Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində Azərbaycan pavilyonunda keçirilən "Multilateralizm vasitəsilə mənzil sahəsinin inkişafı: Qlobal öhdəliklərdən yerli təsirə" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, mənzil siyasəti nəqliyyat sistemləri, əmək bazarı, ekoloji dayanıqlıq, torpaq idarəçiliyi, enerji səmərəliliyi və sosial infrastrukturla sıx əlaqədə planlaşdırıldıqda daha effektiv olur:
"Multilateralizm əsasən məsləhətləşməyə əsaslanan çərçivədən daha çox icrayönümlü əməkdaşlıq modelinə keçməlidir. Bu isə yalnız siyasət dialoqunu deyil, həm də genişlənə bilən maliyyələşdirmə mexanizmlərini, potensialın artırılması proqramlarını, texnologiya transferini və layihələrin birbaşa həyata keçirilməsini dəstəkləyən institusional tərəfdaşlıqları tələb edir.
Müxtəlif regionların təcrübəsi göstərir ki, ən effektiv idarəetmə modelləri çoxsəviyyəli koordinasiyaya əsaslanır".
O bildirib ki, maliyyələşdirmə mənzil ehtiyaclarının qarşılanmasında əsas problemlərdən biri olaraq qalır:
"Təkcə dövlət resursları kifayət etmir. Bu isə hökumətlər, beynəlxalq institutlar, özəl sektor və yerli icmalar arasında daha güclü tərəfdaşlıqları vacib edir. Dövlət-özəl tərəfdaşlıqları da daxil olmaqla innovativ maliyyələşdirmə mexanizmləri əlçatan mənzil imkanlarının genişləndirilməsinə kömək edə bilər.
Azərbaycanda davamlı inkişaf və şəhər dayanıqlığının təmin olunması inteqrasiya olunmuş planlaşdırma sistemi və uzunmüddətli strateji baxışdan asılıdır".