BAKI, 18 may. TELEQRAF

"Biz bu möhtəşəm ölkədə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına toplaşmışıq və mən Prezident İlham Əliyevə bizi səmimi qarşıladığına və göstərdiyi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm".

Teleqraf xəbər verir ki, bu barədə Keniyanın Prezidenti Vilyam Ruto Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimi çərçivəsində Liderlərin sammiti zamanı bildirib.

O qeyd edib ki, bu forum son dərəcə mühüm əhəmiyyət daşıyır:

“Demək olar ki, bütün ölkələrdə mənzil problemi ciddi çağırış olaraq qalır. Statistik göstəricilər göstərir ki, 3 milyard insan qeyri-adekvat mənzil şəraitindən əziyyət çəkir. 1 milyard insan gecəqondularda yaşayır, 300 milyon insan isə evsizdir. Bunlar sadəcə soyuq statistika deyil. Bunlar rəqəmlər deyil, insanlardır, ailələrdir, uşaqlardır. Məhz buna görə də böyük tarixə malik bu möhtəşəm şəhərdə keçirilən bu görüş xüsusi əhəmiyyət daşıyır".

Onun sözlərinə görə, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsi təsdiq edir ki, mənzil hüquqdur.

Bu gün Bakıda olduğumuz bir vaxtda dünya miqyasında ciddi mənzil problemi ilə üz-üzəyik və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 25-ci maddəsində təsbit olunan hüquq pozulur. Keniyada 7 milyon insan 1100 qeyri-rəsmi yaşayış məntəqəsindən yaşayır”, - V.Ruto qeyd edib.