BAKI, 18 may. TELEQRAF
WUF13-ün yekununda "Bakı Fəaliyyətə Çağırış" sənədi qəbul olunacaq.
Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax rəsmi açılışla bağlı keçirilən mətbuat konfransında bildirib.
A.Rossbax qeyd edib ki, bir çox innovativ addımlar artıq yerli səviyyədə yox, çox vaxt çətin şəraitdə və məhdud resurslarla həyata keçirilir:
"Qlobal məqsədlərə nail olmaq üçün şəhərlərin və yerli icmaların səlahiyyətlərinin genişləndirilməsi mütləqdir. Bu prosesdə tərəfdaşlıq əlaqələri mərkəzi rol oynamağa davam edir. Heç bir aktor təkbaşına müasir şəhərləşmə çağırışlarının miqyası və mürəkkəbliyinə cavab verə bilməz".
İcraçı direktor WUF13-ün dialoqdan real nəticələrə və öhdəliklərdən konkret fəaliyyətə keçid üçün mühüm fürsət olduğunu bildirib:
"Forum inklüziv, möhkəm və dayanıqlı şəhərlərə doğru irəliləyişi sürətləndirmək üçün ortaq baxışı və kollektiv öhdəliyi əks etdirən “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədinin qəbulu ilə yekunlaşacaq. Hazırda vəziyyətin aktuallığı aydındır, lazımi biliklər mövcuddur və həll yolları əlçatandır. İndi bizə lazım olan yeganə şey inklüzivlik vədlərini yerinə yetirmək üçün kollektiv qətiyyət nümayiş etdirməkdir".