BAKI, 18 may. TELEQRAF

Dünyada 3 milyarda yaxın insan yararsız mənzil şəraitində yaşayır.

Teleqraf xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax rəsmi açılışla bağlı keçirilən mətbuat konfransında bildirib.

A.Rossbax qeyd edib ki, hazırda dünyada şəhərləşmə ilə bağlı çağırışlar daha sürətli, koordinasiyalı və inklüziv fəaliyyət tələb edir:

"Azərbaycan hökumətinin ev sahibliyi ilə Bakıda bir araya gəlmişik. Qlobal şəhərsalma gələcəyinin böhranlar və eyni zamanda yeni imkanlarla yenidən formalaşdığı dövrdə dayanıqlı şəhər inkişafı üzrə dialoq və əməkdaşlığın irəlilədilməsində göstərdiyi liderliyə və sadiqliyinə görə Azərbaycana minnətdarıq".

İcraçı direktor dünyada kəskinləşən mənzil böhranına diqqət çəkərək qeyd edib ki, hazırda qlobal miqyasda 3 milyarda yaxın insan yararsız mənzil şəraitində yaşayır:

"Bu, sadəcə təcrid olunmuş problemlər toplusu deyil, sistemli qlobal böhrandır. Bu çağırışlar şəhərlərin maliyyələşdirilməsi, planlaşdırılması və idarə edilməsindəki struktur uğursuzluqlarını əks etdirir. Problemin həlli mənzili torpaq, əsas xidmətlər, iqlim fəaliyyəti, hərəkətlilik və iqtisadi imkanlarla əlaqələndirən inteqrasiya olunmuş şəhər həllərinin mərkəzinə yerləşdirməkdən keçir. Mənzil təminatı bir insan hüququdur və Dayanıqlı İnkişaf Məqsədlərinə, xüsusilə də şəhərləri inklüziv, təhlükəsiz və dayanıqlı etməyi hədəfləyən 11-ci məqsədə nail olmaq üçün bünövrədir".

O əlavə edib ki, Bakıda təşkil olunan WUF13, UN-Habitat tərəfindən indiyədək keçirilən ən böyük forumdur:

"Tədbirə 182 ölkədən dövlət başçıları, nazirlər, merlər, BMT rəsmiləri, biznes, akademiya və vətəndaş cəmiyyəti liderləri daxil olmaqla 41 mindən çox iştirakçı qatılıb. Qlobal konsensusa baxmayaraq, siyasi ambisiyalarla icra mexanizmləri arasındakı boşluq hələ də böyükdür. WUF13 dialoqdan konkret nəticələrə keçid üçün strukturlaşdırılmış məkan təmin edir.

Forum çərçivəsində 6 yüksək səviyyəli dialoq, tərəfdaşlar tərəfindən idarə olunan 370-dən çox tədbir və 130-dan çox sərginin yer aldığı qlobal şəhərsalma ekspositi təşkil olunacaq”.