BAKI, 17 may. TELEQRAF

Ümid edirik ki, insanlar Dünya Şəhərsalma Forumunun yaratdığı fürsətdən istifadə edərək yeni ideyalar, hazırda dünyanın müxtəlif şəhərlərinin üzləşdiyi ümumi problemlərin həlli yollarını araşdıracaqlar.

Bu barədə Teleqraf-a açıqlamasında Kamboca Baş nazirinin müavini Say Sam Al deyib.

O qeyd edib ki, dünyanın müxtəlif şəhərlərinin fərqli problemləri var:

“Bunlar infrastruktur çatışmazlığı, infrastruktura investisiyanın azlığı, təhsil, rəqəmsal infrastruktur, narkotik istifadəsi, həmçinin əhalinin dəyişən qlobal iqtisadiyyata uyğun işçi qüvvəsi kimi hazırlanması kimi məsələlərdir. Bütün bunlar hazırda qarşılaşdığımız problemlərdir.

Ümid edirəm ki, insanlar bu forumda aparılacaq müzakirələrdən və forumun təqdim etdiyi fürsətdən ciddi şəkildə yararlanacaq və qeyd etdiyim problemlərə həll yolları tapılacaq. Ümid edirik ki, növbəti dəfə görüşəndə dünya üçün müəyyən nəticələr əldə etmiş olacayıq. Çünki bu, hansısa ayrıca bir dövlətin problemi deyil. Bu, bizim problemimizdir, qlobal problemdir. Mən ümidliyəm”.