Ekspert: “İdarəçilikdə qayda belədir ki...”

Ötən həftə Dövlət Qulluğu Məsələləri üzrə Komissiya növbəti dəfə dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsabiqə elan etdi.

Elanda kənd təsərrüfatı və mədəniyyət nazirliklərində, Bakı Hərbi Məhkəməsində, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində ümumilikdə 30 vəzifə üzrə işçi axtarılır. Vəzifələrin böyük əksəriyyəti məsləhətçi, aparıcı məsləhətçi, bəzi hallarda baş məsləhətçidir. Bu dövlət orqanlarında müsabiqəyə çıxarılan inzibati vəzifələr beşinci və altıncı təsnifatlara uyğun olan vakant dövlət qulluğu vəzifələridir.

Adətən müsabiqəyə beşinci və altıncı təsnifatlara uyğun vəzifələr çıxarılır və bu vəzifələr də nədənsə əksər hallarda məsləhətçilər olur. Səbəbi ilə maraqlandıq.

I və II təsnifata uyğun vəzifələr müsabiqəyə çıxarılmır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Elmi Tədqiqat Mərkəzinin Əmək bazarı və məşğulluq problemləri üzrə şöbəsinin müdiri Mətləb Mahmudov bildirir ki, bir qayda olaraq birinci və ikinci təsnifata uyğun vəzifələr müsabiqəyə çıxarılmır. Bu vəzifələrə hər bir müəssisənin daxili əmri əsasında təyinat olur : “1-ci, 2-ci təsnifatda nazirlər, müavinləri, yaxud direktorlar, rəislər, müavinləri, 3-cü təsnifatda şöbə müdirləri, sektor müdirləri, 4-cü təsnifat onların müavinləri, köməkçiləridir. 5-ci, 6-cı təsnifatlar isə yalnız məsləhətçi, köməkçi kimi vəzifələridir”.

Ekspertin sözlərinə görə, 5-ci, 6-cı, hətta 4-cü təsnifat da daim yenilənən vəzifələrdir: “İdarəçilikdə qayda belədir ki, heç kimi birbaşa yuxarı vəzifəyə qəbul etmirlər. Həmişə məsləhətçi, baş məsləhətçi kimi daim yenilənən vəzifələr müsabiqəyə çıxarılır. Əməkhaqları da bu təsnifata uyğun təyin olunur.

Bu vəzifələrə qəbul olunanlar sınaq dövründəki kimi müəyyən müddətə işə götürülür, sonra idarə rəhbərinin daxili əmri ilə yuxarı vəzifəyə rotasiya olunur. Amma elə vəzifələr var ki, dövlət işi deyil, özəl şirkətdir, tutaq ki, ora menecer lazımdır, əməkhaqqı 800-900 manatdır. Birinci ay sınaq müddətinə götürülür, ikinci aydan o, bu məbləğdə menecer vəzifəsinə təyin olunur".

Şöbə müdirinin sözlərinə görə, dövlət qulluğu ilə bağlı regionlarda müəyyən işlər var ki, 3, 4-cü təsnifatdadır, o vəzifəni tutmaq istəyənlər müsabiqədə iştirak edə bilər, amma onların əməkhaqqı məsələn, nazirlikdə çalışan məsləhətçi vəzifəsi ilə eyni səviyyədədir.

Daxili əmrlə seçilən məsləhətçi başqa, müsabiqə ilə seçilən başqa...

“Məsləhətçi” sözü adından da göründüyü kimi daha zəngin biliyə və təcrübəyə malik olduğu halda, nə səbəbə aşağı təsnifatlı vəzifə hesab olunur?

Mətləb Mahmudov dedi ki, məsləhətçi vəzifəsi də iki təsnifatda olur: “Məsləhətçilər iki cür olur. Uzun müddət müəyyən vəzifədə çalışmış şəxs pensiya yaşına çatdığı dövrdə öz vəzifəsini yerinə yetirməsi üçün enerjisi kifayət dərəcədə olmadığından, onun təcrübəsindən, biliyindən faydalanmaq məqsədilə daxili əmrlə, tutaq ki, nazirin müavini, yaxud idarə rəisi müavini məsləhətçi vəzifəsinə təyin edilir.

Digər təsnifat isə müsabiqə ilə elan edilən vakansiyalarla təyinatdır. Tutaq ki, yeni hazırlıq keçən, geniş nəzəri biliyə malik, hüquqi normativ bazalardan səlis məlumatlı olan, yaxud lazımı məlumatları çevik toplamaq qabiliyyəti olanlar bu vəzifəyə götürülürlər. Amma adları məsləhətçi olsa da, onlar icraçı işlərini də yerinə yetirirlər.

Bu məsləhətçilər də adətən öz vəzifələrini doğrultduqda daha yuxarı təsnifata vəzifəyə təyinat ala bilirlər. Bir sözlə, nazirliyin, yaxud baş idarənin və ya idarənin baş məsləhətçisi və ya məsləhətçisi ilə, şöbənin, sektorun baş məsləhətçiləri, yaxud məsləhətçiləri fərqlənir. Yəni birincilər daxili əmrlə, ikincilər müsabiqə yolu ilə seçilirlər. Adətən idarənin baş məsləhətçisinin əməkhaqqı şöbə müdirinin əməkhaqqı qədərdir, amma aşağı təsnifatlar üzrə seçilən məsləhətçilərdə əməkhaqqı az olur".

Onu da bildirək ki, müsabiqəyə çıxarılan dövlət qulluğu vəzifələri ilə də əlaqədar repetitor hazırlığı da keçilir.

Mülki hüquqi müqavilə nədir?

Ekspert bildirdi ki, bəzi dövlət idarələrində işə qəbul həm də mülki hüquqi müqavilə əsasında aparılır, amma o işçilər dövlət qulluqçusu hesab edilmir: “Mülki hüquqi müqavilə əsasında işləyənlər dövlət qulluqçusu sayılmır, amma dövlət orqanında vəzifə maaşına uyğun çalışır, hətta maaşı bəzən daha da yüksək ola bilir. Əmək stajı da nəzərə alınır, amma dövlət qulluqçusu kimi deyil. Onların işinə ehtiyac olduqda, boş ştat olmadığı halda belə mülki hüquqi müqavilə əsasında işləyə bilər.

Məsələn, tutaq ki, Statistika Komitəsində islahatlar aparılıb, müəyyən ştatlar ləğv edilib, sonradan məlum olub ki, o ştatlardan bəzilərinə ehtiyac var. O zaman öz işini bilən bəzi kadrlar ştat ləğv olunduğu üçün mülki hüquqi müqavilə əsasında işinə bərpa olunur, amma dövlət qulluqçusu sayılmır. Ona görə də bu şəxslər hökmən elan olunmuş vakansiya üzrə müsabiqədə iştirak etməlidir.

Adətən, vakansiya elan edilən vəzifələri belə şəxslər tutur və yalnız müsabiqədən keçdikdən sonra dövlət qulluqçusu hesab edilir. Hazırda elə şəxslər var ki, mülki hüquqi müqavilə əsasında 5 ildir işləyir, amma müsabiqədən müvafiq bal toplaya bilmədiyi üçün dövlət qulluğuna qəbul edilmir. Amma onlar hökmən elan olunmuş vakansiya üzrə müsabiqədə iştirak etməlidir.

Vakansiya elan edildikdə bu şəxslərlə eyni bərabər bal toplayan kənar adam olduqda, üstünlük birinciyə verilir. Bu üsul hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Statistika Komitəsi və Sosial Müdafiə Fondunda tətbiq olunur və müsbət də effekt verir".

Sevil Hilalqızı