BAKI, 19 noyabr. TELEQRAF

Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib.

Teleqraf xəbər verir ki, komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirən sədr müavini, qeyd edib ki, həmin kateqoriyadan şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşdığı, onlara hərtərəfli humanitar dəstək göstərdiyi vurğulanıb.

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyi, yaşayış məntəqələrində zəruri infrastruktur yaradıldıqdan, evlərin tikintisi və təmir-bərpa işləri başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib. Xatırladılıb ki, indiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.

Qayıdış prosesinin planlı təşkili məqsədilə köçürülmə öncəsi keçmiş məcburi köçkünlər arasında sosioloji sorğular keçirilir. Sorğular zamanı ailələrin qayıdış niyyəti, sosial vəziyyəti, ailə tərkibi və digər ehtiyacları öyrənilir. Əldə olunan məlumatlar təhlil edilərək köçürülmənin planlaşdırılmasında nəzərə alınır.

Mənzillərin ailələr arasında bölüşdürülməsinin şəffaf və ədalətli təşkili məqsədilə püşkatma keçirilir. Ailələrə təqdim ediləcək mənzillərin yerləşmə yeri və mərtəbəsi püşkatma yolu ilə müəyyənləşdirilir. Köçürülmədən əvvəl ailələrin tibbi müayinəsi, köç günü nəqliyyat təminatı, mənzillərin açarlarının təqdim edilməsi və müvafiq sənədləşmə işləri də təşkil olunur.

Görüşdə mina təhlükəsi və onun Böyük Qayıdış prosesinə təsiri məsələsi də diqqətə çatdırılıb. Bildirilib ki, mina və partlamamış hərbi sursatlar əhalinin təhlükəsizliyi və azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması qarşısında ciddi çağırış olaraq qalır. Bu təhlükə barədə əhalinin məlumatlılığının artırılması, təhlükəsiz davranış qaydalarının aşılanması məqsədilə mütəmadi maarifləndirici tədbirlər keçirilir. Həmin tədbirlərdə mina və partlamamış hərbi sursatların yaratdığı risklər, təhlükəli ərazilərdə davranış qaydaları və şübhəli əşyalar aşkar edildikdə görülməli tədbirlər izah olunur.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.