BAKI, 19 noyabr. TELEQRAF
"30 ildən artıqdır ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi barədə məlumatların açıqlanmaması regionun ən ağır humanitar problemlərindən biri olaraq qalır. Bu insanların taleyinin müəyyənləşdirilməsi, əsir və girov götürülmə halları, mümkün ölüm faktları, dəfn yerləri və insan qalıqlarının aşkar edilərək ailələrinə qaytarılması yalnız humanitar məsələ deyil, həm də beynəlxalq hüquq, insan hüquqları və müharibə cinayətlərinin araşdırılması baxımından mühüm əhəmiyyət daşıyır".
Bu sözləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib.
O qeyd edib ki, noyabrın 19–20-də İrəvanda “İtkin düşmüş şəxslərin taleyi: humanitar dialoq və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransın keçirilməsi bu baxımdan xüsusi diqqət doğurur: “Ermənistanın beynəlxalq ictimaiyyət qarşısında humanitar məsələlərə həssas yanaşan dövlət imici formalaşdırmaq cəhdi real addımlarla və konkret nəticələrlə müşayiət olunmalıdır. Onilliklər ərzində minlərlə azərbaycanlının taleyinə aydınlıq gətirilmədiyi, onların harada və hansı şəraitdə itkin düşməsi barədə məlumatların açıqlanmadığı bir şəraitdə belə bir tədbirin keçirilməsi Ermənistanın humanitar gündəliyinin nə dərəcədə səmimi olduğu barədə ciddi suallar yaradır. İtkin düşmüş şəxslərlə bağlı dialoq siyasi ritorika və beynəlxalq auditoriyaya ünvanlanan bəyanatlarla məhdudlaşmamalı, həqiqətlərin üzə çıxarılmasına və ailələrin hüquqlarının təmin olunmasına xidmət etməlidir.
Azərbaycan–Ermənistan sülh gündəliyində itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır. Sülh yalnız dövlətlərarası münasibətlərin normallaşdırılması, siyasi razılaşmaların əldə olunması və regional əməkdaşlığın inkişafı ilə məhdudlaşmır. Onun mahiyyətində münaqişənin humanitar nəticələrinin aradan qaldırılması, insan hüquqlarının təmin edilməsi, ailələrin illərdir yaşadığı ağrı və qeyri-müəyyənliyin sona çatdırılması dayanır. Bu baxımdan Ermənistanın itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı məlumatları açıqlaması və axtarış prosesinə real töhfə verməsi sülhə münasibətinin mühüm göstəricisidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidentinin iştirakı ilə imzalanmış Birgə Bəyannamə və Azərbaycan–Ermənistan sülh sazişi layihəsinin paraflanması bu istiqamətdə əməkdaşlıq üçün mühüm siyasi çərçivə yaradıb. Saziş layihəsinin 9-cu maddəsində itkin şəxslər və məcburi yoxaçıxma halları üzrə əməkdaşlığın nəzərdə tutulması məsələnin sülh gündəliyindəki əhəmiyyətini bir daha təsdiqləyir. Məlumat mübadiləsi, itkinlərin taleyinin müəyyənləşdirilməsi, insan qalıqlarının axtarılması və qaytarılması, müvafiq istintaq tədbirlərinin həyata keçirilməsi üzrə əməkdaşlıq qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edə bilər. Lakin bu müddəaların real nəticələrə çevrilməsi tərəflərin siyasi iradəsindən, öhdəliklərinə sadiqliyindən və konkret addımlarından asılıdır”.

Deputat bildirib ki, 2025-ci ilin fevralından etibarən Azərbaycan və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları arasında birbaşa təmasların, görüşlərin və məlumat mübadiləsinin aparılması məsələnin həlli istiqamətində müəyyən imkanlar yaradıb:
“Azərbaycan tərəfi müxtəlif mənbələr, arxiv materialları və şahid ifadələri əsasında Birinci Qarabağ müharibəsi zamanı əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış vətəndaşların siyahısını Ermənistan tərəfinə təqdim edib. Bu, Azərbaycanın məsələyə sistemli, faktlara əsaslanan və nəticəyönümlü yanaşmasının göstəricisidir. Bununla belə, mövcud təmasların səmərəliliyi yalnız görüşlərin keçirilməsi ilə deyil, əldə olunan məlumatların konkret nəticələrə çevrilməsi ilə qiymətləndirilməlidir. Ermənistan tərəfinin 200-dən çox dəfn yerinin, o cümlədən kütləvi məzarlıqların yeri və koordinatları barədə məlumatları Azərbaycanla paylaşacağına dair verdiyi vədin indiyədək yerinə yetirilməməsi ciddi narahatlıq doğurur. Bu fakt Ermənistanın itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi məsələsində nümayiş etdirdiyi yanaşmanın səmimiliyini şübhə altına alır. Əgər müvafiq məlumatlar mövcuddursa, onların gizlədilməsi axtarış prosesinin uzanmasına, ailələrin hüquqlarının təmin olunmasının gecikməsinə və humanitar əməkdaşlığa olan etimadın zəifləməsinə səbəb olur. Dəfn yerlərinin, xüsusilə kütləvi məzarlıqların müəyyənləşdirilməsi yalnız itkinlərin taleyinin aydınlaşdırılması baxımından deyil, həm də mümkün müharibə cinayətlərinin araşdırılması və hüquqi qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Azərbaycanlı mülki şəxslərə və hərbi qulluqçulara qarşı törədilmiş mümkün qanun pozuntularının, əsir və girovların öldürülməsi hallarının, insan hüquqlarının kobud şəkildə pozulmasının araşdırılması beynəlxalq hüququn tələblərindən irəli gəlir. Ermənistanın bu məlumatları açıqlamaqdan yayınmasının səbəbləri barədə müxtəlif ehtimallar mövcud olsa da, əsas məsələ faktların gizlədilməsinə son qoyulması, müvafiq məlumatların təqdim edilməsi və obyektiv araşdırmaların aparılmasıdır. Ermənistanın keçmiş yüksəkvəzifəli hərbçilərinin itkin azərbaycanlıların dəfn yerləri barədə məlumatlı olduqlarını açıqlamaları da məsələnin ciddiliyini artırır. Ermənistanın keçmiş müdafiə nazirinin müavini Qaqik Melkonyan, Samvel Babayan və digər şəxslərin bu barədə müxtəlif vaxtlarda səsləndirdikləri fikirlər müvafiq məlumatların araşdırılması üçün əlavə əsaslar yaradır. Əgər həmin şəxslər konkret dəfn yerləri, hadisələrin təfərrüatları və itkinlərin taleyi barədə məlumatlara malikdirlərsə, bu məlumatların aidiyyəti qurumlara təqdim edilməsi zəruridir. İctimaiyyətə səsləndirilən açıqlamalar real əməkdaşlıq və faktların ortaya qoyulması ilə tamamlanmalıdır. Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olmuş 54 azərbaycanlı əsirin taleyi ilə bağlı məsələlər də xüsusi həssaslıq tələb edir. Onlardan 17 nəfərin nəşinin Azərbaycana qaytarıldığı, saxlanma yerlərində öldüyü bildirilən 33 nəfərin nəşinin isə hələ də qaytarılmadığı qeyd olunur. Bu faktlar Ermənistan tərəfinin təqdim etməli olduğu məlumatların əhəmiyyətini bir daha önə çıxarır. Hər bir itkin şəxsin taleyinin müəyyənləşdirilməsi, ölüm faktı təsdiqləndiyi halda dəfn yerinin açıqlanması, insan qalıqlarının identifikasiyası və ailələrinə təhvil verilməsi fundamental humanitar prinsipdir. Bu prosesdə hər hansı siyasi mülahizə və ya institusional maneə insan hüquqlarının təmin olunmasından üstün tutulmamalıdır.
İtkin düşmüş şəxslərin ailələri onilliklər ərzində qeyri-müəyyənlik, ağır mənəvi sarsıntı və ümidlə yaşayırlar. Onların hər biri yaxınlarının taleyini bilmək, məzarlarını ziyarət etmək, son ehtiramlarını göstərmək və uzun illərdir cavabsız qalan suallara cavab almaq hüququna malikdir. Bu, siyasi mübahisə predmeti deyil, insan ləyaqətinə, fundamental hüquqlara və humanitar dəyərlərə münasibətin göstəricisidir. Dövlətlərin və beynəlxalq təşkilatların üzərinə düşən vəzifə həmin ailələrin hüquqlarının qorunmasına, həqiqətin üzə çıxarılmasına və humanitar ədalətin təmin olunmasına dəstək verməkdir”.
Mehriban Vəliyeva hesab edir ki, Ermənistanın İrəvanda beynəlxalq konfransa ev sahibliyi etməsi itkin düşmüş şəxslərlə bağlı real və nəticəyönümlü addımlar atması üçün bir fürsət olmalıdır:
“Humanitar məsələlərdə səmimiyyət bəyanatlarla deyil, konkret faktların açıqlanması, məlumatların paylaşılması, axtarışlara mane olan problemlərin aradan qaldırılması və üzərinə götürülmüş öhdəliklərin yerinə yetirilməsi ilə təsdiqlənir. Azərbaycan tərəfinin təqdim etdiyi məlumatlar, dövlət komissiyaları arasında mövcud təmaslar, dəfn yerləri ilə bağlı verilmiş vədlər və keçmiş hərbi şəxslərin açıqlamaları araşdırma üçün ciddi əsaslar yaradır. Azərbaycanın mövqeyi prinsipial və aydındır: itkin düşmüş soydaşlarımızın taleyi müəyyənləşdirilməli, dəfn yerləri barədə məlumatlar açıqlanmalı, insan qalıqları tapılaraq ailələrinə qaytarılmalı, mümkün cinayət faktları araşdırılmalı və beynəlxalq hüquq çərçivəsində müvafiq hüquqi qiymət verilməlidir. Ermənistan tərəfi bu məsələdə üzərinə düşən məsuliyyəti yerinə yetirməli, beynəlxalq ictimaiyyət isə humanitar prinsiplərə əsaslanaraq prosesin şəffaf və nəticəyönümlü olmasına dəstək verməlidir.
Davamlı sülhün və qarşılıqlı etimadın formalaşması keçmişin ağrılı səhifələrinə göz yummaqla deyil, həqiqətlərin üzə çıxarılması, humanitar məsuliyyətin yerinə yetirilməsi və insan hüquqlarına hörmətlə mümkündür. İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi sülhün yalnız siyasi deyil, həm də mənəvi və humanitar məzmununu müəyyən edən mühüm amildir. Ermənistanın bu istiqamətdə atacağı real addımlar onun sülh gündəliyinə, humanitar əməkdaşlığa və beynəlxalq öhdəliklərə səmimi münasibətinin əsas göstəricilərindən biri olacaqdır”.