BAKI, 17 oktyabr. TELEQRAF
Oktyabrın 16-da Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyinə həsr olunmuş qala gecəsi keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə Komitənin kollektivinə və paralimpiyaçılara müraciəti səsləndirilib.
Müraciəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev oxuyub.
Müraciətdə dövlətimizin başçısı paralimpiya hərəkatının iştirakçılarını Milli Paralimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibətilə təbrik edib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsi təsis edilməklə, ölkəmizdə paralimpiya hərəkatının sistemli inkişafı üçün zəmin yaradıldığı bildirilib.
Əlilliyi olan insanların sosial müdafiəsinin gücləndirilməsi və idman infrastrukturunun davamlı inkişafı paralimpiyaçılarımızın nailiyyətlərinin ildən-ilə artmasına əlverişli şərait yaratdığı, idmançılarımızın ötən illər ərzində Paralimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çoxsaylı qələbələr əldə etdiyi vurğulanıb. Qeyd edilib ki, onların qazandıqları hər bir medal Azərbaycan xalqına sevinc bəxş etməklə yanaşı, əlilliyin insana idmanla məşğul olmağa maneə törətmədiyini bir daha sübut edir.
Prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin bundan sonra da paralimpiya hərəkatının inkişafına və Dövlət Bayrağımızın yüksəldilməsinə mühüm töhfə verəcəyinə əminliyini bildirib.
Qeyd edək ki, yubiley tədbirində dövlət və hökumət nümayəndələri, beynəlxalq idman təşkilatlarının rəhbər şəxsləri, xarici ölkələrin milli paralimpiya komitələrinin nümayəndələri, tanınmış idmançılar və b. iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycan paralimpiyaçılarının uğurlarını əks etdirən fotosərgi ilə tanış olublar və “Azərpoçt” tərəfindən Komitənin 30 illik yubileyinə həsr edilmiş xüsusi poçt markası nümayiş etdirilib.
Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Endrü Parsonsun yubiley münasibətilə ünvanladığı təbrik məktubunu Komitənin birinci vitse-prezidenti Leyla Markes Mota oxuyub.
Milli Paralimpiya Komitəsinin prezidenti Hidayət Abdullayev Ulu Öndər Heydər Əliyevin paralimpiya hərəkatına xüsusi diqqət və qayğısının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Dövlətimizin başçısının 16 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə daha bir qrup paralimpiyaçının “Tərəqqi” medalı ilə təltif olunmasının bu qayğının növbəti təzahürü olduğunu vurğulayıb.
O, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın həssas qruplar, o cümlədən əlilliyi olan şəxslər və uşaqlarla bağlı humanist, xeyirxah layihə və təşəbbüslərini qeyd edib. 30 il ərzində Azərbaycan paralimpiya hərəkatının böyük inkişaf yolu keçdiyi, idmançılarımızın 9 Paralimpiya Oyununda iştirak edərək 27 qızıl, 21 gümüş və 20 bürünc medal olmaqla, ümumilikdə 68 medal qazandıqları bildirilib.
İkiqat Paralimpiya çempionu İlham Zəkiyev çıxış edərək paralimpiyamıza göstərilən dövlət qayğısından məmnunluğunu ifadə edib, paralimpiyaçılarımızın qarşıdakı dövrdə də yeni-yeni qələbələr qazanmaq əzmində olduğunu diqqətə çatdırıb.
Milli Paralimpiya Komitəsi tərəfindən Beynəlxalq Paralimpiya Komitəsinin birinci vitse-prezidenti Leyla Markes Mota, Avropa Paralimpiya Komitəsinin prezidenti Raymon Blondel, Türkiyə, Rusiya, Macarıstan, Belarus, Portuqaliya və İspaniyanın milli paralimpiya komitələrinin rəhbər şəxslərinə paralimpiya hərəkatının inkişafına və beynəlxalq əməkdaşlığın gücləndirilməsinə verdikləri töhfələrə görə təşəkkürnamələr təqdim edilib.
Tədbir DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əlilliyi olan benefisiarları və təlimçilərinin ifasında bədii proqramla davam edib.