AĞDAM, 16 oktyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin mina əleyhinə xüsusi təyinatlı alayı işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi prosesində yaxından iştirak edir.
Teleqraf-ın Ağdama ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə FHN-in partlayış texniki, gizir Şəmistan Əlizadə məlumat verib.
O bildirib ki, hazırda qruplar işğaldan azad edilmiş ərazilərdə içməli su hövzələrinin, kəndlərin, qəsəbələrin, eləcə də suvarma kanalları boyunca yerləşən ərazilərin təmizlənməsi prosesini uğurla həyata keçirir: "Minatəmizləmə prosesi üç üsulla aparılır: əl ilə, kinoloji qrupların köməyi ilə və məsafədən idarə olunan mexaniki mina təmizləmə vasitələri ilə həyata keçirilir. GCS-200 markalı mexaniki mina təmizləmə vasitəsi məsafədən idarə olunur. Bu vasitə işin sürətini və keyfiyyətini artırmaqla yanaşı, şəxsi heyətin təhlükəsizliyini təmin edən əsas amillərdən biridir. GCS-200 markalı mexaniki mina təmizləmə vasitəsi iki qoşqudan (flail və tiller) ibarətdir. Hər iki qoşqu piyada əleyhinə və tank əleyhinə minaların zərərsizləşdirilməsi üçün nəzərdə tutulub".
Ş.Əlizadə vurğuıayıb ki, mexaniki mina təmizləmə vasitəsi ərazinin relyefindən asılı olaraq saatda 750–1500 kvadratmetr sahəni təmizləmək gücünə malikdir.

Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin həkimi mayor Nizami İsmayılov isə bildirib ki, minatəmizləmə işlərinə cəlb olunan istehkamçıların sağlamlıq və psixoloji vəziyyəti yoxlanılır, onlara ilkin tibbi yardımla bağlı təlimatlar verilir:
"Hər bir istehkamçı ilkin tibbi yardımın göstərilməsi qaydaları barədə məlumatlandırılır. Onlara hər hansı hadisə baş verdikdə öz yoldaşlarına yardım etməyin qaydaları da öyrədilir. Hər hansı bir hadisə baş verəcəyi təqdirdə ilkin tibbi yardımın göstərilməsi və yaralıların xüsusi təyinatlı nəqliyyat vasitələri ilə yaxın ərazilərdə yerləşən hospitallara və ya xəstəxanalara çatdırılması tibb xidmətinin üzərinə düşür.
İndiyədək minatəmizləmə zamanı hər hansı hadisənin baş verməyib".