BAKI, 16 oktyabr. TELEQRAF
Yaponiya Milli Meteorologiya Agentliyi Hokkaydo adasının şimal-şərqində 9,9 baldan çox güclü zəlzələ ilə bağlı səhvən təcili xəbərdarlıq verdiyinə görə üzr istəyib.
Teleqraf xəbər verir ki, agentliyin sözçüsü mətbuat konfransında jurnalistlərin qarşısında baş əyərək dörd dəfə üzr istəyib.
Departament sözçüsünün sözlərinə görə, xətanın dəqiq səbəbi hələ də məlum deyil və işçilər araşdırma aparırlar. Bununla belə, o əlavə edib ki, hazırda kompüter idarəetmə sistemlərinin kiberhücuma məruz qaldığına dair heç bir məlumat yoxdur. İlkin məlumatlara görə, səbəb zəlzələnin episentrinin müəyyən edilməsində baş verən səhv ola bilər və bu da maqnitudanın səhv hesablanmasına səbəb olub.
Cümə günü əvvəl Kamçatka yarımadasında zəlzələ baş vermiş və yapon seysmoloqları onun gücünü 6,9 bal olaraq qiymətləndirmişdilər. Eyni zamanda, Yaponiyanın təcili xəbərdarlıq sistemi işə salınmışdı: hətta Tokioda belə səsgücləndiricilər "güclü zəlzələ" və mümkün güclü təkanlar barədə xəbərdarlıqlar verirdi. Avtomatlaşdırılmış xəbərdarlıq Kuril adalarında "9,9 baldan çox" zəlzələ elan etmişdi.
Mətbuat katibinin sözlərinə görə, tarixdə ən yüksək zəlzələ 9,5 bal gücündədir. 11 mart 2011-ci ildə Yaponiya sahillərində baş verən zəlzələnin maqnitudası 9,1 bal olaraq qiymətləndirilib. Maqnitudanın 1 bal artması zəlzələnin yaydığı enerjinin 32 dəfə artması deməkdir.