Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Bilik Gününə həsr olunmuş tədbir keçirilib.
Teleqraf xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Tədbirin açılışında çıxış edən ADNSU-nun rektoru dosent Rüfət Əzizov universitetdə tələbələrin müasir təhsil alması və öz potensiallarını reallaşdırması üçün yaradılan şəraitdən, beynəlxalq əlaqələrinin genişlənməsindən və son illərdə əldə olunan reytinq nəticələrindən danışıb. Rektor Rüfət Əzizov həmçinin yeni tədris ili münasibətilə tələbələri təbrik edib, onlara təhsil və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra “SOCAR Polymer” MMC-nin baş direktoru Fuad Əhmədov çıxış edərək tələbəlik illərinin peşəkar inkişaf baxımından əhəmiyyətindən, müasir sənayenin ixtisaslı və bacarıqlı kadrlara ehtiyacından söz açıb. O, yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edərək, onlara təhsil və gələcək karyeralarında uğurlar arzulayıb.
Tədbir musiqi və rəqs proqramı ilə davam edib.
Daha sonra universitetə ən yüksək balla qəbul olunan tələbələr çıxış ediblər. Tədbirin davamında fakültələr üzrə ən yüksək nəticə göstərmiş 35 tələbə mükafatlandırılıb.