BAKI, 16 sentyabr. TELEQRAF
Müğənni Könül Kərimovaya qarşı 245 min manatlıq dələduzluqda ittiham olunan “Hüquq-Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) sabiq rəhbəri Mübariz Məmmədov və Elçin Bağırovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Günel Səmədovanın sədrlik etdiyi prosesdə Mübariz Məmmədovun vəsatətləri təqdim olunub.
O, cinayət işində olan sənədlərin araşdırılması və prosessual qaydaların həll olunması üçün işin prokurora qaytarılması barədə vəsatət verib. Yerində müşavirə keçirən hakimlər heyəti işin ibtidai istintaqa qaytarılması barədə vəsatəti təmin etməyib.
Hakim bildirib ki, vəsatətdə sənədlərin araşdırılması ilə bağlı qaldırılan hallara məhkəmə müşavirə otağında qiymət verəcək.
Ardınca Mübariz Məmmədov ibtidai istintaq zamanı qanun pozuntusunun müəyyən olunması barədə vəsatət səsləndirib. Hakim bu məsələyə də müşavirə otağında qiymət veriləcəyini açıqlayıb.
Daha sonra sərbəst ifadə verən Mübariz Məmmədov bildirib ki, barəsində ittiham zərərçəkmiş İlham Cəfərovun ərizəsi əsasında irəli sürülüb: "Ərazidən sonra istintaqa dəvət olundum, şübhəli şəxs qismində cəlb edildim. Məndən şirkətimin möhürünü tələb etdilər, vermədim. Bu, Sakit Məmmədovun əməlidir. Məni onun sifarişi ilə həbs ediblər".
Təqsirləndirilən şəxs deyib ki, Könül Kərimovaya aid olduğu deyilən mənzil əslində onun özünə məxsus olub: "Könül Kərimova Sakit Məmmədova 300 min manat borc verib, mənzil də saxta müqavilə ilə ona təqdim edilib. Bir mənzilin alınmasına görə iki müqavilə məndə olub. Birinci müqavilə mənim adıma idi, ikinci müqavilə isə Könülün adına verilib. Düzgün sənəd mənim adıma olan müqavilədir".
Mübariz Məmmədov daha əvvəl 10 mənzil və iki qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulması barədə vəsatət verdiyini xatırladıb: "Bildirmişdim ki, mənə aid mülklərin üzərinə həbs qoyulsun, təqsirim sübuta yetirilsə, satılaraq zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilsin. Amma bu vəsatətim təmin olunmadı. Mülklər Sakit Məmmədov tərəfindən saxta sənədlər düzəldilərək satıldı".
Mübariz Məmmədov onu da əlavə edib ki, ittiham olunduğu 4 epizod mülki xarakterli iş olsa da, cinayət tərkibi ilə araşdırılır.
Növbəti proses oktyabrın 7-də davam edəcək.
İstintaq sənədlərinə görə, 2022-ci ilin avqustunda Elçin Bağırov və Mübariz Məmmədov müştəri İlham Cəfərovla ofisdə görüşüblər.
Onlar paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti 48 saylı binada yerləşən və müqavilə əsasında müğənni Könül Qəmbər qızı Kərimovaya məxsus olan 26 saylı mənzili İIham Cəfərova təqdim ediblər. Daha sonra saxta sənəd hazırlayaraq həmin mənzili 245 min manata satmaqla təkrar dələduzluq ediblər.
İstintaq materiallarına əsasən, Elçin Bağırov və Mübariz Məmmədov vətəndaşların etibarından sui-istifadə etməklə və aldatma yolu ilə özgə əmlakını ələ keçirməkdə, həmçinin rəsmi sənədləri istifadə etmək məqsədilə təkrar saxtalaşdırmaqda ittiham olunurlar.
İttihama görə, Mübariz Məmmədov paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospektində yerləşən “ARAZ T.İ” MMC-nin binasındakı 156 kvadratmetr sahəsi olan 126 nömrəli mənzili qanunsuz olaraq ələ keçirib. Sözügedən mənzilin Sakit Məmmədova məxsus olduğu, müqavilə və maliyyə arayışının isə onun həyat yoldaşı Şəlalə Məmmədovanın adına rəsmiləşdirildiyi bildirilir.
İttiham aktında qeyd olunur ki, Mübariz Məmmədov 2011-ci il avqustun 13-də həmin mənzili “ARAZ T.İ” MMC-nin ofisində Elbrus Həsənova 156 min manata sataraq onun həyat yoldaşı Xanım Quliyevanın adına rəsmiləşdirib. Bununla da Sakit Məmmədova 156 min manat məbləğində ziyan vurulduğu iddia edilir.
Mübariz Məmmədova qarşı digər ittiham isə yüz minlərlə manatlıq “hüquqi xidmət” vədləri ilə bağlıdır. İstintaqın versiyasına əsasən, o, “Hüquq-Ekspertiza Mərkəzi” MMC-nin rəhbəri olduğu müddətdə tanışı Bəhram Abbasova “Konstra” MTK-nın müxtəlif şəxslərə dəyərindən ucuz və qanunsuz satıldığı bildirilən mənzillərini şirkətə geri qaytaracağını və alıcılara ödənilən pulların geri verilməsini təmin edəcəyini vəd edib. İttihama görə, Mübariz Məmmədov bu xidmətlərin göstərilməsi adı ilə 408 min manat alıb.
Bundan başqa, “Konstra” MTK-nın layihə sənədlərinin hazırlanması və onların dövlət ekspertizasında təsdiqlənməsinin təşkil ediləcəyi vədi ilə daha 175 min manatın ələ keçirildiyi iddia olunur.
Beləliklə, ittiham aktına əsasən, təkcə Mübariz Məmmədovla bağlı göstərilən bu epizodlarda söhbət ümumilikdə 739 min manatdan gedir.
Qeyd edək ki, cinayət işində müğənni Könül Kərimovanın adı hallanır.