BAKI, 30 avqust. TELEQRAF
İkinci Dünya müharibəsindən sonra qaçqın düşərgələrində qalan SSRİ vətəndaşlarından türk və müsəlman olanların üç minə yaxını 1947-1949-cu illərdə Türkiyəyə mühacirət edib. Onlar arasında sonrakı fəaliyyətinə görə kifayət qədər tanınan da var, haqqında çox az məlumat olan da. Bu yazımızda təqdim etdiyimiz şəxs barəsində cüzi məlumat olan vətəndaşlarımızdan biridir: Bəşir Gəncəçay. Çünki Türkiyəyə gəldikdən sonra kəşfiyyat xidmətinə işə götürülən Bəşir bəyin həyat hekayəsi məhz bu səbəbdən geniş şəkildə bəlli deyil.
Ankaradakı məzarlıq sistemindəki məlumata görə 1905-ci ildə doğulub. Ehtimal ki, Gəncəbasar bölgəsindən olub. Atasının adı Əli, anasının adı Sayatdır. Onun kimi müharibədən sonra Türkiyəyə gələn irəvanlı Cabbar Ərtürkün yazdığına görə Bəşir Gəncəçay 1943-cü ildə Berlində Əbdürrəhman Fətəlibəylinin təşkil etdiyi Milli Azərbaycan Qurultayında iştirak edib.
Müharibədən sonra qaçqın düşərgələrində qalan Gəncəçay 1947-1948-ci illərdə Türkiyəyə gəlib. Bu dövrdə onun kimi müharibədən gələn qaçqınların da geniş təmsil olunduğu Azərbaycan Kültür Dərnəyində yer alıb. Dərnəyin 17 aprel 1949-cu il tarixli ilk ümumi yığıncağında Müşahidə Şurasına üzv seçilib. 15 yanvar 1950-ci ildə baş tutan dərnəyin ikinci qurultayında dərnəyin təftiş heyətinə üzv olub.
Azərbaycan əsilli professor İbrahim Yıldırımla söhbətlərimizin birində Bəşir Gəncəçayı tanıdığını bildirmişdi. Onun xatırladığına görə, xəstəxanaların birində növbətçi həkim ikən yanına bir xəstə gətirilir. Amma bu xəstə digərlərindən çox fərqli idi, çünki mühafizə edənləri də vardı. Söhbət zamanı azərbaycanlı olduğunu öyrəndiyi bu şəxs məhz Bəşir Gəncəçay imiş. Rus dilini bildiyi üçün Sovet İttifaqında çıxan qəzetləri müvafiq idarədə türkcəyə tərcümə etməklə mükəlləf imiş.
Təəssüf ki, Bəşir Gəncəçay haqqında əlimizdə yetərli məlumat yoxdur. Azərbaycan Cümhuriyyəti Parlamentinin üzvlərindən Məhəmmədsadıq Aranın Türkiyədə nəşr etdiyi “Türk yolu” dərgisinin 1955-ci ildə çıxan 7-ci sayında onun mayor Fətəlibəylinin öldürülməsi faciəsi ilə bağlı kiçik məktubu dərc olunub:
“Əziz dostlar!
Bəşəriyyət aləminin ən qəddar düşməni olduğu heç bir şübhə doğurmayan xain və mənfur kommunistlər bu gün azərbaycanlı türklərin dəyərli mücahidlərindən, qəhrəman bir əsgər olan Fətəlibəylini öldürməklə siyasi cinayətlər silsiləsinə daha birini əlavə etmiş və vəhşilik zəncirinə daha bir qırmızı halqa artırmışlar.
O, müqəddəs və əziz vətənimizdən çox uzaqlarda, yad bir ölkədə, amalımız və məfkurəmiz olan Azərbaycan istiqlalı uğrunda mücadilə edərkən xain düşmənin tələsinə düşmüş və əbədi həyata gözlərini yummuşdur.
Biz Fətəlibəylinin şəxsində Azərbaycanın sevimli bir övladını itirmiş oluruq.
Hər nə qədər fani vücudu aramızdan ayrılmış olsa da, bütün həqiqi idealları ilə o, qəlblərimizə gömülmüş və öz yerini tapmışdır. Ona ən layiqli məzar qəlblərimiz deyilmi?
Dostlar, bu çox kədərli hadisədən dolayı duyduğumuz acı həqiqətən böyükdür. Bu böyük kədər bütün qüdrət və gücünü öz mənasından almaqdadır. Bu isə milli bir mücadilənin mövcudluğudur.
Amma biz o nəcib irqin və o nəcib millətin qanındanıq ki, bir mücahidi itirməklə əsla məyus və ruhdan düşməyəcəyik. Acımız bizə qüvvət verər. Kinimiz hər birimizi alovlandırar. Hər azərbaycanlı vətəndaş başlı-başına bir mücahid olacaq, bu mənfur cinayətlərin hesabını onlardan çox ağır soruşacaqdır.
Haqqın gecələri gündüzlərə gəbədir.
Gün doğmadan nələr doğar aləmdə?
Lənət sizə, nifrət sizə, ey vəhşi kommunistlər!
Dostlar, dərin bir təsəlli və Haqqa təvəkkül içində qiymətli dostumuz üçün Tanrıdan rəhmət və məğfirət diləyək və heç bir zaman yıxılmadan mücadiləmizə davam edək.
Haqq daim yaşayacaqdır.
Beşir Gəncəçay”
B. Gəncəçay 22 noyabr 1992-ci ildə Ankarada vəfat edib.
Onun haqqında əlavə məlumat toplamağa çalışacağıq.