BAKI, 24 iyun. TELEQRAF

Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanında 7 nəfər maksimum bal toplayıb.

Teleqraf xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər göstərib.

"Həmin 5 nəfər Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı olub.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb", - məlumatda vurğulanıb.

Həmçinin bildirilib ki, bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər göstərib.

"Həmin 2 nəfər Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı olub.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb", - məlumatda qeyd olunub.