BAKI, 26 iyun. TELEQRAF
26 iyun Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür.
Teleqraf xəbər verir ki, ictimaiyyətin diqqətini narkomaniya ilə bağlı problemlərə yönəltmək məqsədilə BMT bu tarixi narkomaniya və narkobiznesə qarşı beynəlxalq mübarizə günü elan edib.
Narkotik istifadəçilərinin yaş həddində müşahidə edilən cavanlaşma zərərli vərdişləri olan yeniyetmələrin vaxtında aşkar edilərək müalicəyə cəlb olunması, əhalini bu təhlükədən qorumaq, narkotik maddələrin doğurduğu fəsadlar haqqında onları vaxtında məlumatlandırmaq mühüm məsələlərdəndir. Müvafiq qurumlar da narkomaniya ilə mübarizə sahəsində mütəmadi olaraq maarifləndirmə tədbirləri həyata keçirirlər.
Bəs narkomaniya hansı hallarda xəstəlik hesab olunur və tam müalicəsi varmı? Bu daha çox hansı səbəbdən baş verir? Burada psixoloji amillərin rolu nə qədərdir?
Mövzu ilə bağlı Teleqraf-ın suallarını cavablayan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin psixoloqu İlahə Novruzova bildirib ki, "narkomaniya" anlayışı tibbi olaraq Xəstəliklərin Beynəlxalq Təsnifatında (ICD-10) "psixoaktiv maddələrdən asılılıq sindromu" kimi kodlaşdırılır.
Onun sözlərinə görə, psixoaktiv maddədən sui-istifadə xəstəlik hesab edilir, çünki o, beyninxüsusilə dofaminlə əlaqəli neyromexanizmlərdə dəyişikliklər yaradır:
"Bu isə normal motivasiya və özünüidarə proseslərinə mənfi təsir göstərə bilər. Lakin vaxtında göstərilən tibbi və psixoloji yardım nəticəsində şəxsin maddə istifadəsini dayandırması və sağlam həyat tərzinə qayıtması mümkündür.
Asılılığın etiologiyasını tək bir faktorla açıqlamaq mümkün olmadığı üçün ən doğru yanaşma biopsixososial modeldir. Bu model bioloji, psixoloji və sosial amillərin qarşılıqlı təsiri ilə izah olunur.
Bioloji olaraq, psixoaktiv maddələr beynin dofaminergik mükafat sistemini aktivləşdirərək güclü mükafat hissi yaradır və kompulsiv istifadə üçün neyrobioloji əsas formalaşdırır. Eyni zamanda genetik meyllilik də mühüm rol oynayır.
Psixoloji faktorlar arasında stress, depressiya, travma və impuls nəzarətinin zəifliyi narkotikdən istifadəyə meyli artıra bilər.
Sosial mühit isə (ailə disfunksiyası, dost təzyiqi, əlçatanlıq və sosial-iqtisadi çətinliklər) risk faktorlarını gücləndirərək asılılığın formalaşmasını sürətləndirə bilər".
Asılılıq bioloji, psixoloji və sosial komponentləri özündə birləşdirən kompleks bir xəstəlikdir
Psixoloq deyib ki, psixoaktiv maddə asılılığı uzunmüddətli müşahidə və dəstək tələb edən sağlamlıq problemidir:
"Müasir müalicə üsulları sayəsində bir çox hallarda maddə istifadəsinin dayandırılması, şəxsin normal sosial həyata qayıtması və uzunmüddətli sabit vəziyyətin əldə olunması mümkündür. Bu səbəbdən müalicədə əsas məqsəd asılılığın aradan qaldırılması, təkrar istifadənin qarşısının alınması və şəxsin həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.
Asılılığın yalnız bioloji deyil, həm də psixoloji və sosial komponentləri özündə birləşdirən kompleks bir xəstəlik olduğunu nəzərə aldıqda, müalicədə multidisiplinar yanaşma əsas götürülür.
Tək bir sahənin müdaxiləsi (məsələn, yalnız farmakoterapiya) müəyyən nəticələr versə də, davranış və sosial faktorları tam aradan qaldıra bilmir. Buna görə psixiatr, klinik psixoloq, narkoloq və sosial işçinin birgə fəaliyyəti müalicənin effektivliyini artırır və təkrar istifadənin qarşısını almağa kömək edir".
Bu, artıq klinik diaqnoz kimi qəbul olunub
İlahə Novruzova asılılığın artıq klinik diaqnoz kimi qəbul olunduğunu qeyd edib:
"ICD-10-da asılılıq sindromu kimi xəstəlik kateqoriyasına daxildir. Bu diaqnoz psixoaktiv maddənin istifadəsinə qarşı yaranmış patoloji davranış modeli ilə xarakterizə olunur. Kliniki olaraq əsas əlamətlərə maddə üzərində nəzarətin itirilməsi və istifadəyə qarşı güclü istək (craving) daxildir.
Eyni zamanda tolerantlığın artması, yəni eyni təsir üçün daha yüksək dozaya ehtiyac yaranması diaqnostik kriteriyalardandır. Abstinensiya sindromunun mövcudluğu da asılılığın mühüm klinik göstəricilərindən biridir".
Bu şəxslər yüksək risk qrupundadır
Psixoloq bildirib ki, bioloji, psixoloji və sosial faktorların üst-üstə düşdüyü şəxslər yüksək risk qrupuna aiddir:
"Genetik meylliliyi, psixi sağlamlıq pozuntuları, xüsusilə depressiya, təşviş və travma keçmişi olan şəxslərdə maddə istifadəsi daha çox müşahidə edilir. Eyni zamanda ailə mühitinin disfunksionallığı, valideyn nəzarətinin zəifliyi, sosial-iqtisadi çətinliklər, işsizlik və təhsil imkanlarının məhdudluğu, riskli sosial çevrə və dost təzyiqi də risk faktorlarını artırır.
Riski ən çox artıran amillərdən biri erkən yaşda, xüsusilə yeniyetməlik dövründə maddə istifadəsinə başlanmasıdır. Psixi sağlamlıq problemləri, xüsusilə depressiya və təşviş halları da riski yüksəldə bilər. Bundan əlavə, maddəyə asan çıxış imkanı olan mühitlərdə istifadə ehtimalı daha yüksək olur.
Narkotik asılılığı ilə üzləşən şəxslərin vaxtında ixtisaslaşmış tibbi və psixoloji yardıma müraciət etməsi müalicənin effektivliyini əhəmiyyətli dərəcədə artırır. Ailə dəstəyi, sosial reabilitasiya proqramları və mütəxəssis nəzarəti altında aparılan kompleks müalicə nəticəsində bir çox insanlar sağlam və məhsuldar həyata qayıda bilir".