GÖYGÖL, 12 iyun. TELEQRAF
Yeni Dövlət Proqramında lazer hamarlama texnologiyasının tətbiqi üçün subsidiya mexanizmi nəzərdə tutulur. Ümumilikdə 22 rayonda 84,9 min hektar sahədə lazer hamarlamanın tətbiqi planlaşdırılır. Soyuducu anbarlar üzrə də 100 min ton əlavə tutumun yaradılması təşviq olunacaq. Burada da avadanlıqların qiymətinin 40 faizinə güzəşt, 40-50 faizinə kredit faiz subsidiyası nəzərdə tutulur.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Göygöl rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
“Bundan əlavə, 90 süd toplama və 15 dəri toplama məntəqəsinin yaradılması dəstəklənəcək. Bu, heyvandarlıqda yalnız istehsalın deyil, eyni zamanda tədarük, emal və satış zəncirinin də qurulmasına xidmət edir. Qoyunçuluq sektoru da proqramda xüsusi yer tutur. 2030-cu ilə qədər qoyun əti istehsalının azı 9 faiz artırılması, heyvanların sayının 10 faiz yüksəldilməsi, özünütəminetmə səviyyəsinə nail olunması nəzərdə tutulur. Bu istiqamətdə 300 yeni yarım-intensiv qoyunçuluq təsərrüfatının yaradılması planlaşdırılır. Bu, ənənəvi qoyunçuluqdan daha məhsuldar və daha idarəolunan modelə keçid deməkdir, - deyə o əlavə edib.