BAKI, 5 iyun. TELEQRAF
Meteoroloji stansiyaların əhatə dairəsi olduqca məhduddur və Xəzərdə baş verən dəyişiklikləri tam anlamaq üçün bu məlumatlar kifayət etmir.
Teleqraf xəbər verir ki, bunu İDEA İctimai Birliyinin Xəzər dənizi üzrə tədqiqatlar eksperti Elnur Səfərov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Bakıda keçirilən 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə baş tutan "Xəzər dənizi dönüş nöqtəsində:
Dəniz səviyyəsinin azalması və regional fəaliyyət üzrə elmi-analitik müzakirə" adlı yan tədbirdə deyib.
O bildirib ki, müvafiq qanunvericilik mövcuddur, həm Rusiya, həm də Azərbaycan tərəfindən fərqli yanaşmalar tətbiq olunur.
"Bəzən yanaşmalar arasında fikir ayrılıqları da yaranır. Həmçinin, peyk müşahidələri mövcuddur. Daha dəqiq nəticələr əldə etmək üçün müxtəlif mənbələrdən gələn məlumatların inteqrasiyası vacibdir. Data sistemlərində müəyyən yenilənmələrə ehtiyac var. Yarı institusional, yarı elmi formatda yeni bir platformanın yaradılması zəruridir ki, inteqrasiya olunmuş və daha dəqiq məlumatlar əldə olunsun. Bu məqsədlə biz İDEA İctimai Birliyi olaraq Xəzər dənizi tədqiqatçılarını bir araya gətirən bir şura yaratmışıq. Bunun daha geniş miqyasda həyata keçirilməsi üçün dövlət səviyyəsində dəstək vacibdir.
Stansiya məlumatları, reanaliz məlumatları və vətəndaş müşahidələrini birləşdirən vahid bir modelin yaradılması önəmlidir. Məlumatlar nə qədər dəqiq olsa, proqnozlar da bir o qədər etibarlı olar", - o vurğulayıb.
Elnur Səfərovun sözlərinə görə, Xəzərin şimal hissəsində orta dərinlik cəmi bir neçə metrdir:
"Təxminən 25 sm-lik azalma belə ciddi ekoloji nəticələrə səbəb ola bilər. Əgər ilin sonuna qədər yağıntılar davam etsə, Xəzər dənizinin səviyyəsində sabitləşmə müşahidə oluna bilər".