BAKI, 5 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda obyekt mülki müdafiə məşqi keçirib.
Nazirlikdən Teleqraf-a verilən xəbərə görə, məşqə FHN-in Muğan Regional Mərkəzinin, Saatlı rayon Yanğından Mühafizə Hissəsinin, “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin və TƏBİB-in Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Saatlı rayon stansiyasının müvafiq qüvvələri və əməkdaşları cəlb olunub.
Məşqin keçirilməsində məqsəd obyektin mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
Tədbir zamanı obyetin ərazisində baş vermiş şərti fövqəladə hadisə ilə bağlı fəaliyyət simulyasiya edilib, nazirliyin qüvvələri ilə koordinasiyalı şəkildə “Yanğın-xilasetmə əməliyyatı” icra olunub, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Uğurla reallaşdırılan məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.