AĞDAM, 12 may. TELEQRAF

44 günlük Vətən müharibəsinin şəhidi Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirilib və o, doğulduğu Ağdam rayonunun Abdal kəndində torpağa tapşırılıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə,
1970-ci ildə Abdal kəndində anadan olan Müşfiq Abbasov 2020-ci il Vətən müharibəsində iki oğlu – Şamil və İntiqam Abbasovla birlikdə könüllü olaraq döyüşlərə qatılıb.

O, Ağdam istiqamətində aparılan əməliyyatlarda iştirak edib və 6 oktyabr 2020-ci ildə Qərvənd kəndi istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.

Şəhid Müşfiq Abbasov sağlığında torpaqlar azad olunacağı təqdirdə doğulduğu kənddə dəfn olunmasını vəsiyyət edib. Ağdamın işğaldan azad edilməsindən sonra ailəsinin və yaxınlarının qərarı ilə onun nəşi bir müddət Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında saxlanıldıqdan sonra doğulduğu Abdal kəndinə köçürülərək yenidən dəfn olunub.

Müşfiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.