BAKI, 9 may. TELEQRAF

“Dəmir Yumruq” sayəsində Cənubi Qafqazda yeni geosiyasi konfiqurasiya və təhlükəsizlik arxitekturası formalaşdıran Azərbaycan sarsıdıcı məğlubiyyətə uğratdığı Ermənistana sülh gündəliyi təklif etdi.

Beləliklə də, tarixdə ilk dəfə qalib ölkə təslim olmuş ölkə ilə ərazi bütövlüyünə və dinc qonşuluğa söykənən postmünaqişə münasibətlərinin qurulması perspektivini gündəmə gətirdi.

Azərbaycanın beynəlxalq hüquqa söykənən təklifləri əsasında hazırlanan sülh sazişinin müddəlalrı 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və ABŞ prezidentləri İlham Əliyev və Donald Trampın və Ermənistanın Baş naziri Nikol Paşinyanın keçirdikləri üçtərəfli görüş çərçivəsində paraflandı. Daha əvvəl xarici havadarlarına güvənən rəsmi İrəvan Bakının haqlı tələblərindən yayınmağa çalışsa da, son nəticədə Ermənistanın Azərabaycana qarşı ərazi iddialarının öz Konstitusiyasından çıxarılması müddəasının sülh sazişində ehtiva olunması şərti ilə razılaşdı.

Yeri gəlmişkən, bu və ya digər şəkildə Ermənistanı və erməniçilik ideoloqlarını dəstəkləyən bəzi Qərb, xüsusən də Avropa ölkələri və Rusiya Vaşinqton görüşünün yekun bəyannaməsini alqışlayaraq, tərəfləri tezliklə bu yöndə praktik addımlar atmağa çağırdılar.

Bu baxımdan, bütövlükdə Cənubi Qafqazda davamlı təhlükəsizliyin, sülhün və sabitliyin, hərtərəfli əməkdaşlığın təməlini qoyan sülh sazişinin tez bir zamanda imzalanmasında maraqlı olduğunu sübuta yetirən Azərbaycan Ermənistan Konstitusiyasında zəruri olan dəyişikliyi gözləmədən ona qarşı tətbiq edilən logistika məhdudiyyətlərini aradan qaldırdı. Azərbaycan nəinki öz ərazisindən keçməklə digər ölkələrdən Ermənistana yüklərin daşınmasına yaşıl işıq yandırıb, habelə özü də Ermənistan üçün çox vacib olan neft və neft məhsulları göndərir. Sülh sazişinin imzalanmasını gözləmədən Azərbaycanın birtərəfli jestləri növbəti dəfə həm Qərbin aparıcı ölkələri, həm də Moskva tərəfindən alqışlandı.

Məhz Azərbaycanın praqmatik sülh gündəliyi çərçivəsində son nəticədə postmünaqişə dövründə münasibətlərin tənzimlənməsi prosesində ciddi təmələ əsaslanan vəziyyət yarandı: rəsmi Bakı proesisn sürətləndirlməsi üçün hətta birtərəfli qaydada praktik addımlar atır, Azərbaycanın bu jestlərini avans kimi qəbul edən İrəvan isə sülh gündəliyini sadiq qaldığını bildirir və Paşinyan hökuməti parlament seçkilərində qalib gələcəyi halda öz tərəfindən lazım olan addımalrı atacağı vədini verir.

Bununla yanaşı, Paşinyan hökuməti Rusiyanın dəstəklədiyi revanşist qüvvələrin parlament seçkilərində qalib gələcəkləri tərzdə rəsmi İrəvanın öz öhdəliklərindən boyun qaçıracağı və bölgədə yeni müharibənin qızışacağı barədə xəbərdarlıqlar da edir.

Bu müstəvidə bütün riskləri düzgün qiymətləndirən və bölgədə yaratdığı kövrək sülhün yenidən pozulmasına yol verməməyə çalışan Azərbaycan nəinki Ermənistanda revanşist qüvvələrinin hakimiyyətə gəlməsinin əleyhinədir, hətta birtərəfli xeyirxah jestlər vasitəsilə hazırkı reallığa uyğun siyasət yürütdüyünü iddia edən Paşinyan hökumətinin erməni cəmiyyətində dəstəklkənməsi üçün vacib addımlar atır.

Amma son günlər şahidi olduğumuz bəzi məqamlar Paşinyan hökumətinin Azərbaycanın səyləri nəticəsində əhəmiyyətli dərəcədə irəliləmiş sülh gündəliyinə tam sadiq olması ilə bağlı ciddi şübhələrə zəmin yaradır. Belə ki, əvvəlcə Belçika və Niderland krallıqlarının parlamentləri qərəzli anti-Azərbaycan zarakterli qətnamələr qəbul etdi. Bundan sonra Avropa İttifaqı Parlamentinin (AP) “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi ilə bağlı” qəbul etdiyi qətnamədə Azərbaycan da Rusiya kimi Ermənistana qarşı “hibrid təhlükə” mənbəyi kimi qiymətləndirildi və Qarabağdakı keçmiş qondarma rejimin qalıqlarına, dinc soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə qanun çərçivəsində həbs olunmuş erməni separatçılara dəstək vurğulandı.

Maraqlıdır ki, sözügedən sənədlərin mahiyyəti əslində Moskvanın Paşinyan hökumətinə alternativ olaraq Ermənistanda hakimiyyətə gətirməyə çalışdığı revanşist qüvvələrin ritorikası ilə üst-üstə düşür. Başqa sözlə desək, əslində bu qətnamələr Azərbaycan-Ermənistan sülh prosesini şübhə altına alır ki, rəsmi Bakı da buna öz qəti etirazını bildirib və Milli Məclis AP ilə istənilən səviyyələrdə bütün əməkdaşlığın dayandırılması barədə qərar qəbul edib. Bu addım müstəqil xarici siyasət yürüdən Azərbaycanın özünün formalaşdırdığı sülh gündəliyinə sadiq qalmasının sübutudur.

Lakin sözdə sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan etməsinə baxmayaraq, AP-nin ilk növbədə elə Paşinyan hökumətinə müxalif mövqedə dayanan revanşistlərin iddiaları ilə üst-üstə düşən qətnaməyə Ermənistan hakimiyyəti heç bir münasibət bildirmədi.

Halbuki, Azərbaycan və Türkiyə ilə münaibətlərin tezliklə normallaşdırılmasında və sərhədlərin açılmasında maraqlı olduğunu vurğulayan rəsmi İrəvan bu fonda bir neçə addım atmalı idi.

Əvvəla, Belçika və Niderland krallıqlarının, habelə AP-nin qətnamələrinin əslində Paşinyan hökumətinin nüfuzuna zərbə endirdiyi, beləliklə də Azərbaycan-Ermənistan sülh prosesinə ciddi xələl gətirə biləcəyi qəti şəkildə Brüsselin diqqətinə çatdırılmalı idi. Xüsusilə də, Nikol Paşinyanın özünün dediyi kimi Azərbaycanın Qarabağ bölgəsini könüllü şəkildə tərk etmiş ermənilərin “hüquqlarının müdafiəsi” barədə iddiaların ikitərəfli münasibətlərin yaradılması yönündə çox ciddi əngəl və bunun əslində revanşist qüvvələr üçün şirnikləndirici amil olduğu bəyan edilməli idi.

İkincisi, həmin qətnamələrin təşəbbüskarları və onların qəbulunu dəstəkləyən parlamentarilərin Ermənistana girişinə qadağa qoyulması qərarı verilməlidir.

Üçüncüsü, Avropa Şurasının Prezidenti Antonio Koştadan və Avropa Komissiyasının (AK) sədri Ursula fon der Lyayendən erməni ianələri qarşılığında anti-Azərbaycan qətnamələrin qəbulunda “fərqlənən” və dəfələrlə korrupsiya qalmaqallarında ifşa olunmuş parlamentarilərin və siyasətbazların cinayət tərkibli əməlləri barədə ciddi istintaq araşdırmaları aparılması tələb olunmalı idi.

Dördüncüsü və ən əsası, əks-təqdirdə Azərbaycan-Ermənistna sülh gündəliyinin uğurla yekunlaşmasına daha bir əngəlin – Avropa İttifaqının (Aİ) Ermənistandakı “mülki missiyası”nın işinə xitam veriləcəyi barədə Brüsselə xəbərdarlıq edilməli idi.

Atılması zəruri olan bu addımlar heç də Azərbaycanın dəstəklənməsi yox, ilk növbədə Paşinyan hökumətini devirməyə çalışan reavnşistlərin və onların xarici havadarlarının neytrallaşdırılması, Ermənistan üçün hamıdan çox lazım olan sülh prosesinin məntiqi sonluğa çatdırılması üçün vacibdir. Rəsmi Bakı bununla bağlı öz prinsipial mövqeyini daim diqqətə çatdırıb və lazımi tədbirlər görüb. Lakin sülh prosesi ən azı qarşılıqlı addımlar atmağı tələb etdiyinə görə, rəsmi İrəvan da öz qətiyyətli mövqeyini ortaya qoymalıdır.

Təəssüflər olsun ki, mayın 4-5-də İrəvanda keçirilən Avropa Siyasi Birliyinin və Aİ-Ermənistan sammitlərində hökm sürən ab-hava, habelə bəzi siyasətçilərin, xüsusilə də Fransa prezidenti Emmanuel Makronun bəyanatları Qərbdəki bəzi dairələrin erməni cəmiyyətində revanşist qüvvələri sülh prosesi ilə bağlı daha sərt mövqe tutmağa şirnikləndirmək niyyətində olduqlarından xəbər verir.

Bu baxımdan, İrəvanın Moskvanın nəzarətindən çıxmağa yönəlik siyasətini alqışlayan Emmanuel Makron əslində Ermənistanın indi də Aİ-nin, daha doğrusu isə Fransanın protektoratı altına keçməsi istəyini sərgiləyir. Maraqldır ki, Emmanuel Makronun İrəvandakı şousundan sonra Ermənistan parlamentinin sədri Alen Simonyan ölkəsinin Belarus kimi Rusiyanın quberniyası olmayacağını iddia etib. İstisna deyil ki, Makronun erməni revanşistlərə sevgisinin şahidi olan Alen Ermənistanın Fransanın quberniyası statusunu almasına üstünlük verir. Artıq “axsaq ördəyə” çevrilmiş Makronun Fransanın Ermənistan ordusunu silahlandırmaq niyyətini açıqlaması bu həvəsi daha da gücləndirib.

Bu o deməkdir ki, Ermənistanın indiki hakimiyyəti ölkənin vassallıq statusunu ləğv etmək yox, sadəcə süzereni dəyişmək siyasəti yürüdür. Süzeren statusunu isə Ermənistana daha çox pul və silah verən dövlət qazanacaq.

Əslində kimin əlinə baxmaq hər bir ölkənin suveren hüququdur. Lakin Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin qarantı, habelə regionda sülh gündəliyinin müəllifi olan Azərbaycanın Ermənistandan bu məsələdə səmimi olmasını tələb etməyə tam siyasi və mənəvi haqı çatır. Əks-təqdirdə belə çıxır ki, Bakının birtərəfli jestlərinə rəğmən, Paşinyan hökuməti Ermənistanda keçiriləcək parlament seçkiləri öncəsi risklər və Konstitusiyada dəyişikliyin zaman tələb etdiyi bəhanəsi ilə vaxt udmağa çalışmaqlsa yanaşı, kənar qüvvələrin anti-Azərbaycan, beləliklə də anti-sülh ritorikasını da özü üçün dividendə çevirməyə cəhd göstərir.

Sahil İsgəndərov,

politoloq