BAKI, 27 aprel. TELEQRAF

“Buraxılış imtahanında üçüncü fənnin ingilis dili olmasının əleyhinə idim. Görürdük ki, məktəblərdə xarici dillə bağlı bu fənn üzrə heç bir qiymətləndirmə aparılmır”.

Teleqraf xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Tam orta təhsil səviyyəsində xarici dillər üzrə qiymətləndirmə: yeni yanaşmalar və perspektivlər” mövzusunda keçirilən tədbirdə deyib.

O bildirib ki, 2012-ci ildən başlayan bu prosesdə problemlər var idi:

"Xarici dil fənni məktəblərdə bir-iki il tədris olunur, sonra müəllim olmadığına görə fasilə verilirdi. O zamankı təhsil naziri Mikayıl Cabbarov təkid etdi ki, buraxılış imtahanlarında üçüncü fənn - xarici dil olsun. Buna qarşı idim. Mənim səhvim bu qərarın nəticə verəcəyinə inanmamağım idi. Zaman göstərdi ki, xarici dil fənninin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsi doğru qərar olub. Xarici dil bilikləri gənclərin gələcək həyatında yeni imkanlar və perspektivlər açır".