BAKI, 27 aprel. TELEQRAF

Suraxanı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq və təmir-bərpa işləri çərçivəsində növbəti məhəllə sakinlərin ixtiyarına verilib.

Teleqraf xəbər verir ki, aprelin 25-də Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi, məhəllə 14/15 ünvanında yeni təmir olunmuş məhəllənin açılışı keçirilib.

Mərasimdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Şəhər təsərrüfatı şöbəsinin müdiri Məmməd Qasımov, RİH başçısının müavinləri, şəhid ailələri və qəsəbə sakinləri iştirak ediblər.

Ümumi sahəsi 485 m² olan ərazidə sakinlərin rahat istirahəti üçün müasir infrastruktur yaradılıb. Abadlıq işləri çərçivəsində əraziyə 800 m² asfalt örtüyü salınıb, 325 m² daş döşəmə və 90 m beton örtük çəkilib. Həmçinin 190 metr bordür düzülüb, 24 metr dəmir barmaqlıqlar quraşdırılıb.

Vətəndaşların, xüsusilə uşaqların asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət guşəsində 2 ədəd söhbətgah, idman qurğuları, yelləncəklər və oturacaqlar quraşdırılıb. Təhlükəsizlik və komfortun artırılması üçün əraziyə 82 m² kauçuk örtük tətbiq olunub.

Yaşıllaşdırma tədbirləri çərçivəsində məhəllədə 78 m² qazon örtüyü salınıb, mövcud ağaclar budanıb. Bundan əlavə, ərazinin işıqlandırılması məqsədilə 9 ədəd yeni elektrik dirəyi quraşdırılıb və 300 metr uzunluğunda kabelləşmə işləri həyata keçirilib.